Xəbərlər
YAP növbəti dəfə qələbəsini qeyd edəcək
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 80 saylı Lerik-Astara seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elman Rəcəbovun Lerik rayonunun Tikəband kəndində seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov YAP-ın parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını bildirib. O, 2024-ci il sentyabrın 1-də ölkə parlamentinə keçiriləcək seçkilərin əhəmiyyətindən danışıb, bu mühüm siyasi kampaniyada partiya fəallarının qarşısında duran vəzifələrdən bəhs edib.
Çıxış edən deputatlığa namizəd Elman Rəcəbov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Namizəd çıxışında YAP-ın ölkəmizin inkişafı üçün göstərdiyi xidmətlərdən danışıb.
Tədbirdə çıxış edən təşviqat qrupunun üzvləri Elxan Qənbərov və Gültəkin Şıxəliyeva ölkədə keçirilən hər bir seçkidə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də YAP-ın namizədlərinin qələbə qazanacaqlarına və bu prosesdə cəmiyyət üzvlərinin aktiv iştirak edəcəklərinə əminliklərini bildiriblər.
Çıxışçılar seçiciləri sentyabrın 1-də məntəqələrə gələrək YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.