Xəbərlər
Uğurlarımızın davamı naminə
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 35 saylı Xətai 3-cü seçki dairəsindən namizədliyi irəli sürülmüş Pərvanə Vəliyeva 23 avqust tarixində Xətai rayonunun 8 noyabr prospektində yaşayan bir qrup seçici ilə görüş keçirib.
Görüşdə namizədin vəkili Elgün Hacıyev Pərvanə Vəliyevanı sakinlərə təqdim edib. O qeyd edib ki, inkişafın yeni mərhələsinə daxil olan Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi zamanın tələbi və yeni reallıqlardan irəli gələn bir zərurətdir.
Namizəd Pərvanə Vəliyeva çıxış edərək, YAP-ın seçki platforması və yeni dövr üçün qarşıya qoyulmuş hədəflər barədə məlumat verib. O, seçki hüququna malik olan bütün vətəndaşları 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyə dəvət edib.
Deputatlığa namizəd seçicilərin müraciətlərini dinləyib, suallarını cavablandırıb və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.
Keçirilən görüşdə sakinlər adından Məhəbbət Hacıyeva və Elşən Zaməddinov namizədə dəstəklərini ifadə edərək, Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.
Pərvanə Vəliyeva həmçinin, Vətən müharibəsi şəhidi Elvin Səxavət oğlu Abasovun ailəsini ziyarət edib.