Xəbərlər
YAP Göygöl rayon təşkilatının yaradılmasının 33 illiyi qeyd edilib
Yeni Azərbaycan Partiyasının (YAP) Göygöl rayon təşkilatının yaradılmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdən öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədov, Milli Məclisin deputatı Kamran Bayramov, partiya veteranı Ofeliya Rəhimova, YAP Gənclər Birliyinin üzvü Fərid Dünyamalıyev və digərləri çıxış ediblər.
Çıxışlarda Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində şərəfli və məsuliyyətli yol qət etdiyi, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyi diqqətə çatdırılıb. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi altında ölkəmizin qüdrəti, beynəlxalq nüfuzu artmaqdadır.
Natiqlər Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının tarixi əhəmiyyəti barədə də danışıblar. Əldə olunan bütün nailiyyətlərin əsasında milli maraqlara söykənən məqsədyönlü siyasət, güclü siyasi iradə və xalq-iqtidar birliyinin dayandığı qeyd edilib.
Daha sonra partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə fəxri fərman, YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
