Xəbərlər
Nərimanov rayon seçiciləri YAP-ın namizədini dəstəkləyirlər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nizami Babaşovun qadın seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov cəmiyyətimizdə qadınların rolundan bəhs edib. O, bildirib ki, Nərimanov rayon qadınları ölkəmizin ictimai-siyasi həyatında fəallıqları ilə daim seçiliblər.
Anar Abbasov bu parlament seçkilərində də Nərimanov rayonunun qadın seçicilərinin fəal şəkildə qeydiyyatda olduqları məntəqələrə gedib Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərindən əmin olduğunu qeyd edib.
Deputatlığa namizədliyi irəli sürülmüş Nizami Babaşov çıxışında bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında qadınların fəallığı günbəgün artır: “Təbii ki, bu baxımdan Yeni Azərbaycan Partiyasının rolu da inkaredilməzdir. Qadınların ictimai-siyasi fəallığının artırılması istiqamətində Yeni Azərbaycan Partiyası ardıcıl tədbirlər həyata keçirir. Bu partiya çox geniş potensiala malikdir və qadınların da bu uğurlarda özünəməxsus payı var. Qarşıdan gələn parlament seçkilərində də Nərimanov rayonunun qadın seçicilərinin fəallığı və partiyanın namizədlərinə səs verəcəkləri şübhəsizdir”.
Tədbirdə görüş iştirakçıları bildiriblər ki, Azərbaycan qadınları ölkəmizin əmin-amanlığı, sabitliyi, övladlarının səadəti, xoşbəxtliyi naminə dövlətimizin yürütdüyü daxili və xarici siyasətə yüksək dəyər verir. Vurğulanıb ki, qadınlar YAP-ın ətrafında sıx birləşiblər və parlament seçkilərində də partiyanın namizədlərini dəstəkləyəcəklər.