Xəbərlər
İşıqlı gələcəyimizin ən böyük təminatçısı
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Namiq Məmmədovun Füzuli rayonunun Böyük Bəkmənli kənd Mədəniyyət evində seçicilərlə görüşü keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Görüşü giriş sözü ilə başlayan YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva deputatlığa namizəd Namiq Məmmədov haqqında seçicilərə məlumat verib. Qeyd olunub ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin yürütdüyü çox uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz bu gün heç bir zaman olmadığı qədər güclü və qüdrətlidir.
Çıxış edən deputatlığa namizəd Namiq Məmmədov Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan, partiyanın Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakındən, dövlətçiliyimizin möhkəmlənməsinə və Azərbaycanın dinamik inkişafına öz töhfələrini verməsindən, əldə etdiyi uğurlardan bəhs edib. Qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müasir müstəqil Azərbaycan dövləti bu gün Prezident, YAP-ın Sədri İlham Əliyev rəhbərliyi ilə daha böyük uğurlara doğru əzmlə irəliləyir. O, YAP-ın seçki platforması haqqında seçicilərə ətraflı məlumat verib.
Tədbirdə, həmçinin aprel şəhidi Orxan Həmidovun anası Tamella Məmmədova, Vətən müharibəsi şəhidi Nohəl Əliyevin atası Əlqəmə Əliyev çıxış edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.
Daha sonra çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.