Xəbərlər
YAP seçkilərə böyük inamla gedir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Hikmət Baba oğlu Məmmədovun rayon ziyalıları və ağsaqqalları ilə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də qələbə qazanacağına əminlik ifadə edib, partiyanın parlament seçkilərinə böyük inamla getdiyini deyib.
Məhz Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu YAP tərəfindən yenidən deputatlığa namizəd kimi irəli sürüldüyü üçün fəxarət hissi keçirdiyini bildirən Hikmət Məmmədov qeyd edib ki, partiya yarandığı vaxtdan bu günədək azərbaycançılıq ideologiyası və müstəqillik prinsipi ilə böyük uğurlar əldə edib. Onun sözlərinə görə, bu yol bundan sonra da eyni ideologiya və prinsip əsasında yeni qələbələrə doğru davam etməkdədir.
YAP-ın seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə getdiyini deyən deputatlığa namizəd qeyd edib ki, bu, o deməkdir ki, Qalib Lider, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə möhtəşəm nailiyyətlərlə yekun vuraraq yeni dövrə addımlayıb. O, Azərbaycanın yeni dövrdə qarşıya qoyduğu hədəflərə də çatacağına əminliyini ifadə edib.
Təşviqat qrupunun üzvü Eyvaz Hümbətov çıxış edərək YAP-ın ölkəmizin ən güclü siyasi qüvvəsi olduğunu bildirib. Qeyd olunub ki, qarşıdan gələn növbədənkənar parlament seçkiləri partiyamızın qələbələr tarixinə qızıl hərflərlə yazılacaq.
Rayon ziyalıları və ağsaqqalları 1 sentyabrda keçiriləcək parlament seçkilərində 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Məmmədova səs verəcəklərini bildiriblər.