YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan əlifbası və Azərbaycan dili: Mədəni irsin və milli kimliyin ifadəsi

Ziyafət Əsgərov

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya  ilə mübarizə komitəsinin sədri

Dil, bir xalqın mədəniyyətini, tarixini və dəyərlərini yaşadan və gələcək nəsillərə ötürən ən mühüm vasitələrdən biridir. Əlifba isə bu dilin yazılı şəkildə ifadə olunmasına və qorunmasına imkan yaratmaqla yanaşı xalqın dillə olan münasibətini, dünya görüşünü və tarixi inkişaf yolunu əks etdirir. Beləliklə, bir xalqın əlifbasının və dilinin qorunması, milli kimliyinin və mədəniyyətinin qorunması deməkdir.

Qədim və zəngin tarixə malik türk dilləri ailəsinin oğuz qrupuna daxil olan Azərbaycan dilinin tarixi uzaq keçmişə söykənir. Ayrı-ayrı türk boylarının ümumi ünsiyyət vasitəsi olan bu dil qədim zamanlardan ümumxalq danışıq dili kimi  işlənməyə başlamışdır. Şifahi xalq ədəbiyyatı nümunələri Azərbaycan şifahi ədəbi dilinin erkən formalaşması və təkamülü üçün zərurət yaratmışdır. Azərbaycan yazılı ədəbi dili məhz ümumxalq dili əsasında təşəkkül tapmışdır. Xalq şifahi şəkildə yaratdıqlarını yazıya köçürmüş, bu da , yazı dilinin təşəkkülü və sabitləşməsində mühüm rola malik olmuşdur. Bu baxımdan “Kitabi-Dədə Qorqud” dastanı olduqca böyük əhəmiyyət kəsb edir. Ölkəmizin ərazisində qədim əlifbaların mövcudluğu, həmçinin mükəmməl yazı dilimizin olması qaynağını uzaq keçmişdən alan Azərbaycan dilinin qədim tarixi köklərə malik olduğunu bir daha sübuta yetirir.

XVI əsrdə Səfəvilər dövlətinin yaranması ilə Azərbaycan dilinin mövqeyi möhkəmlənərək dövlət dili səviyyəsinə qalxmış, rəsmi və dövlətlərarası yazışmalarda işlədilmişdir. XVII-XVIII əsrlərdə şifahi xalq ədəbiyyatının bədii dilə təsiri ilə inkişaf edən xalq şeir yaradıcılığında gedən proseslər ədəbi dilə təsir göstərmiş, sadəliyə, canlı danışıq elementlərinə meyli güclənmiş, Azərbaycan dilinin yeni inkişaf mərhələsi başlanmışdır. Bu dövrdə Azərbaycan ədəbi dili üslub baxımından da zənginləşmişdir. XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid bir sıra dərsliklər və dərs vəsaitləri meydana gəlmişdir. Zaman keçdikcə dövrün tələbinə uyğun olaraq Azərbaycan dilinin istifadə dairəsi də genişlənmiş, onun tətbiqinin və inkişafının elmi əsaslar üzərində aparılması ehtiyacı meydana çıxmışdır. 1918-ci ildə Cümhuriyyət yarandıqdan sonra Azərbaycan dilinin geniş tətbiq olunması yolunda böyük imkanlar açılsa da Azərbaycan Xalq Cümhuriyyətinin çox qısa, 23 ay ömür sürməsi ana dilimizin cəmiyyətdə dövlət dili kimi mövqelərinin tam bərqərar edilməsinə imkan verməmişdir.

Azərbaycan Sovet İmperiyasının tərkibinə daxil olandan sonra isə, dilimizin təbliğinə böyük maneələr yaranmışdır. 30 – cu illərdə, dilimizin mövqeyini gücləndirməyə çalışan ziyalılarımız repressiyaya məruz qalmış, Sibirə sürgün olunmuş, təqib edilmişdilər.

Xüsusilə də, SSRİ Konstitusiyasının qəbulundan sonra, “Sovet xalqı” formalaşdırmaq adı altında müxtəlif xalqların dilini, mədəniyyətini, milli kimliyini yox etməyə yönələn siyasət  milli respublikalarda da özünü göstərirdi. Belə bir dövrdə milli dillərin təbliği ilə məşğul olmaq böyük cəsarət tələb edirdi.

Belə bir çətin dövrdə Ulu Öndər Heydər Əliyev, Azərbaycan dilinin dövlət dili kimi tanınması və möhkəmləndirilməsi istiqamətində ardıcıl mübarizə aparmışdır. Onun cəsarətli addımları, dilimizin tədrisində və dövlət orqanlarında istifadəsində mühim rol oynamışdır. Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan Ümummilli Lider Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək olmuşdur. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu Öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərmişdir.

Ulu Öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.

Beləliklə, Azərbaycan dili rəsmi dil statusu əldə etmişdir. Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı Sovet respublikalarından biri idi. Bir sözlə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dil siyasəti onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olmuşdur.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili elan olunmuşdur. Konstitusiyanın 21-ci maddəsində deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir” 

Azərbaycan dilinin dövlət dili kimi tanınması və bu dilin rəsmi statusunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən bu qanunverici təşəbbüs, Azərbaycan dilinin ölkə daxilində üstünlüyünü və qorunmasını təmin etmişdir.

Ulu Öndərin Azərbaycan dilinin milli mənəvi, siyasi-hüquqi bərpası istiqamətində atılmış vacib addımlardan biri də 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı olmuşdur. Ümumilli Lider Heydər Əliyev tərəfindən imzalanmış Fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş, onun geniş tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilmişdir. Eyni zamanda, problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilmişdir.  Ulu Öndərin 9 avqust 2001- ci ildə “Azərbaycan Əlifbası və Azərbaycan Dili gününün təsis edilməsi haqqında” Fərmanı ilə  hər il avqust ayının 1-i ölkəmizdə milli kimliyimizin və mədəniyyətimizin əsas elementlərindən biri olaraq Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməyə başlanmışdır.

30 sentyabr 2002-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun təsdiq olundu. Bu sənəddə göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının  Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanuna əsasən,  Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsinə uyğun olaraq, Azərbaycan dilinin dövlət dili statusu təsdiq edilmişdir. Bu status, ölkə daxilində dilin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi üçün hüquqi baza yaratmaqla yanaşı , Azərbaycan Respublikasının bütün dövlət orqanlarında və təşkilatlarında Azərbaycan dilinin istifadəsini nizamlayır.

Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi altında, Azərbaycan dilinin inkişafı və qorunması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Prezidentin fərmanları və qərarları, Azərbaycan dilinin tədrisi, istifadəsi və qorunması sahəsində yeni mərhələlər açmışdır.

Dövlət başçısımızın 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 14 yanvar 2004-cü il tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, 30 dekabr 2007-ci il tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” Sərəncamları ana dilimizə yüksək qayğı zəncirinin qırılmaz halqalarıdır.  9 aprel 2013 – cü ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan dilinin tətbiqi və inkişafı üçün yeni bir addım olmuşdur. Bu sənəddə Azərbaycan dilinin tarixi əsasları barədə mükəmməl təsəvvür yaradılmış və inkişaf problemləri haqqında sistemli şəkildə bəhs edilmiş, Azərbaycan dilinin mənşəyi ilə bağlı davam edən yanlış konsepsiyaya son qoyulması, tarixi faktlara əsaslanaraq Azərbaycan dilinin dövlət dili kimi yaşaması, inkişaf etdirilməsi üçün həm inzibati, hüquqi-siyasi, həm də elmi-nəzəri istiqamətlər müəyyənləşdirilməsinin zəruriliyi qeyd edilmişdir.

Azərbaycan dilinin inkişafının daha da surətlənməsi məqsədilə Cənab Prezident İlham Əliyevin 2018-ci il 17 iyul tarixində “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı 2018-ci il noyabrın 1-də “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalanmışdır. Bu Fərmandan irəli gələn vəzifələrin icrası  çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılmışdır.

Biz, Ümumilli Liderimiz Heydər Əliyevin – “Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə, Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb.”  dediyi kimi, ana dilimizlə fəxr etməli, Prezidentimiz İlham Əliyevin   “Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Azərbaycan dilinin müxtəlif tərcümə, izahlı, terminoliji, etimolji lüğətlərinin hazırlanıb çap olunmasında müşahidə olunan nizamsızlığın aradan qaldırılması, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların folklorunun, dialekt və ləhcələrinin öyrənilməsi kimi məsələlər də gündəmə gətirilməlidir. Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri də ehtiva edir” dediyi kimi doğma dilimizi qorumalı, onun inkişafı yolunda əlimizdən gələni etməliyik.