YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Etibarlı tərəfdaş

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada iştirak edib.

“Enerji və bağlantı” mövzusunda keçirilən dəyirmi masada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında enerji sahəsində Bakıda müəyyənləşdirilmiş strateji tərəfdaşlıqdan, Avropaya qaz təchizatının 2027-ci ilin sonuna kimi 2 dəfə artırılacağını qeyd edərək  bildirdi ki, Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə. Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır.

Zəngin enerji ehtiyatlarına malik olan ölkəmiz növbəti illərdə Avropaya qaz ixracını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Belə ki, Avropanın enerji bazarında əsas aktora çevrilən Azərbaycan ixrac üçün təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalında günəş və külək enerjilərindən istifadəyə üstünlük verməklə qitənin enerji təhlükəsizliyindəki rolunu daha da artırmaq niyyətindəndir. Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas tərəfdaşı olan Azərbaycan Xəzər dənizinin qaz resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqı bazarına çatdırılmasında həlledici rol oynayır. Bu baxımdan Cənub Qaz Dəhlizi Avropa İttifaqının qaza olan tələbatına cavab verə biləcək və onun enerji təhlükəsizliyində mühüm rol oynayacaq ən böyük infrastruktur layihədir. Bu gün ölkəmiz Avropaya neft, təbii qaz və elektrik enerjisi ilə yanaşı, hidrogeni, o cümlədən yaşıl hidrogeni də ixrac etməyi planlaşdırır. Təbii qaz daha az istixana qazları və çirkləndiricilər buraxaraq, kömür və neftə daha təmiz alternativ hesab olunur. Qabaqcıl qaz hasilatı texnologiyaları və ciddi ekoloji qaydalar tətbiq etməklə, Azərbaycan qaz hasilatı və nəqlinin ətraf mühitə təsirini minimuma endirmək öhdəliyi götürür. Avropanın təbii qaza olan tələbatının qarşıdakı illərdə də daha da artırılacağı təqdirdə bu, xüsusi önəm daşıyır. Qitənin enerji istehlakı isə əhalinin artımı, sənayenin inkişafı və daha yüksək emissiyalı enerji mənbələrinin dəyişdirilməsi ilə bağlıdır. Azərbaycanın təbii qaz ixracı artan tələbatı ödəyə və Avropanın sabit və etibarlı enerji təchizatına töhfə verə bilər.

Elə bir beynəlxalq tədbir olmur ki, Azərbaycan ora dəvət olunmasın. Bu tədbirlərdə və müzakirələrdə iştirak isə gərgin zəhmət və fəaliyyət deməkdir. Azərbaycan Prezidenti də uğurla və layiqincə onların öhdəsindən gəlir. Prezident İlham Əliyev tək son bir ay ərzində çoxsaylı tədbir, səfər və beynəlxalq konfranslara qatılıb, mühüm müzakirələrdə iştirak edib. Oksfordda "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısında Azərbaycanın iştirakı birbaşa Prezident İlham Əlyevin uğurlu və çoxşaxəli xarici siyasətinin göstəricisidir. Oksfordda qarşı tərəfin müraciətinə əsasən Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə Prezident İlham Əliyevin görüşü xüsusilə yaddaqalan olub. Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilib. Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.