Xəbərlər
Yalanlara qarşı mübarizənin Şuşa platforması
Əli Hüseynli
Milli Məclisin deputatı
İyulun 20-də 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Forumda iştirak edib və jurnalistlərin ən müxtəlif mövzulara dair suallarını cavablandırıb. Ölkə başçısı növbəti dəfə ölkədə, regionda və beynəlxalq arenada baş verən geosiyasi proseslərə dair düşüncələrini bölüşüb, dünya ictimaiyyətinə mühüm ismarıclar ünvanlayıb.
Bütün türk dünyasının mədəniyyət incisi sayılan Şuşa şəhərində ötən ildən başlayaraq bu beynəlxalq forumun keçirilməsi artıq ənənəyə çevrilib. Tədbirin Milli Mətbuat və Jurnalistika Günü ərəfəsində təşkil olunması həm də ölkə rəhbərliyinin azad mediaya həssas münasibətinin təzahürü kimi dəyərləndirilməlidir. Bu yanaşma Ulu Öndər Heydər Əliyevin mətbuatın ictimai əhəmiyyətinə verdiyi siyasi qiymətlə həmahəngdir: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. «Əkinçi»”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik”.
Forumunun mövzusu son dərəcə aktualdır - “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə”. Belə bir mövzunun seçilməsi dünya ictimaiyyətinin diqqətini xüsusi cəlb edir. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət üçün səmərəli və səmərəli format kimi öz missiyasını tam şəkildə doğruldur.
Bununla bağlı bir neçə vacib məqama diqqəti cəlb etmək istərdim. Öncə qeyd edək ki, yalan və dezinformasiyalar bütövlükdə dünyanı təhdid edən reallıq olduğu üçün mövzunun II Şuşa Qlobal Media Forumu müstəvisinə çıxması fundamental anlam daşıyır. Nəticə etibarilə Azərbaycan beynəlxalq ictimaiyyət üçün faydalı işə imza atmış olur.
Digər məqam psixoloji səciyyə daşıyır. Nəzərə almaq lazımdır ki, getdikcə yeniləşən müasir texnologiyalar fərqli məqsədlər naminə saxta bilgilərin yayılmasına münbit zəmin formalaşdırır. Bu, ilk növbədə insanların müstəqil qərar qəbul etmə potensialına mənfi təsir göstərir, ictimai rəy şübhələrlə müşaiyət olunur. Nəticədə cəmiyyətlərdə mediaya inam azalır.
Yalanların ifşasına və dezinformasiyaya qarşı mübarizəyə həsr olunmuş forumun ayrı-ayrı panellərinə nəzər saldıqda əminliklə söyləyə bilərik ki, problemə fundamental yanaşma ortaya qoyulub. Onu da qəti şəkildə vurğulamaq olar ki, artıq Şuşada keçirilən forumlar dünya mediasını, həmçinin xarici aləmi narahat edən məsələlərin müzakirəyə çıxarıldığı geniş platformaya çevrilir.
Danılmaz faktdır ki, müstəqilliyin ilk günlərindən ölkəmizi zəif salmaq istəyənlər bizə qarşı şər və böhtandan istifadə ediblər. Ona görə Prezident İlham Əliyev Forumun açılışında bildirib ki, Azərbaycan uzun illər ərzində faktların manipulyasiyasının, yanlış narrativlərin qurbanı olub. Dövlətimizin başçısı mövcud xüsusda erməni diasporunun ölkəmizə qarşı səfərbərliyi, ermənipərəst siyasətçilərin, media nümayəndələrinin hücumları, yanlışlıqlar yaymaları, respublikamızı reallıqdan çox uzaq bir şəkildə təqdim etmələri kimi ayrı-ayrı detalları da açıqlayıb.
Digər tərəfdən, Prezident İlham Əliyev diqqəti Azərbaycana qarşı dezinformasiya savaşının daha bir seqmentinə də yönəldib. Söhbət ölkəmizlə bağlı natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlardan gedir ki, ayrı-ayrı xarici media orqanlarının qərəzli münasibəti qaldığı kimi, həmin hesabatlar da yenə yayılmaqdadır. Dövlətimizin başçısı bu hesabatların Qərbdən qaynaqlandığını vurğulayır və belə mənfi təmayüllərin təəccüb və təəssüf hissi yaratdığını bildirir.
Xatırlayırsınızsa, ikinci Qarabağ müharibəsinin ilk günlərində müxtəlif media orqanları, siyasi ekspertlər elə informasiya fonu yaratdılar ki, sanki Azərbaycanın hərbi əməliyyatlara başlamasına heç lüzum yox imiş. Onlar apardığımız müqəddəs, ədalətli Vətən savaşını işğalçılıq məqsədi daşıyan avantürzm qismində göstərməyə çalışdılar. Lakin həmin vaxt Prezident İlham Əliyev neqativ meyillərə qarşı təkbaşına mübarizə apardı. Dövlətimizin başçısı dünyanın müxtəlif aparıcı media orqanlarına verdiyi 30-dan artıq müsahibədə reallıqların və əsl həqiqətlərin üzərində dayanmaqla, ölkəmizin informasiya cəbhəsində də üstünlük qazanmasını təmin etdi.
Lakin xaricdəki ermənipərəst dairələr, ölkəmizin inkişafını gözü götürməyən qüvvələr Vətən müharibəsindən sonra da Azərbaycana qarşı dezinformasiya, şər və böhtana ara vermədilər. Onlar Ermənistanın təxribatlarına cavablarımızı işğalçı niyyəti kimi təqdim etməyə, cəhd etdilər. Son məqsədləri ölkəmizin ərazisində separatçı rejimin qalmasına dəstək verməyə hesablanmışdır. Məhz bu səbəbdən 2023-cü ilin sentybarında Azərbaycan Silahlı qüvvələrinin reallaşdırdığı lokal xarakterli antiterror tədbirləri bəzi Qərb dairələrində neqativ çalarda qarşılandı. Lakin bədxahlar güclü və real arqumentlər qarşısında niyyətlərinə nail ola bilmədilər və tarixi ədalətlə barışmağa məcbur oldular. Prezident İlham Əliyev də 2-ci Şuşa Qlobal Media Forumunda mövcud məqama toxunaraq demişdir: “Vaxt keçdikcə Qərbdə siyasi dairələrdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır”.
Dövlətimizin başçısı forumda dünya mediasının, informasiya işinə məsul mərkəzlərin Azərbaycanda və regionda baş verən hadisələri obyektiv şəkildə işıqlandırmalarının vacibliyindən söz açdı və ölkəmizin dezinformasiyalara və yalanlara qarşı gələcəkdə də biganə qalmayacağını vurğuladı. Bu baxımdan düşünürəm ki, “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusuna dair 2-ci Şuşa Qlobal Media Forumu həm də ümumən üzləşdiyimiz və dünyanın qarşılaşdığı ədalətsizliklərə qarşı birgə mübarizənin əzmini artıran mühüm siyasi hadisədir.