Xəbərlər
Strateji tərəfdaşlıq
Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini
İyulun 20-də "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda keçirilmiş 2-ci Şuşa Qlobal Media Forumu bir sıra mühüm məqamlara toxunmaqla yanaşı regional və beynəlxalq səviyyədə Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən məsələləri əhatə etdi. Prezident İlham Əliyevin forumda çıxışı həm regiondakı geosiyasi dəyişiklikləri, həm də beynəlxalq media və informasiya mühitindəki mövcud vəziyyəti xarakterizə edərək Azərbaycanın bu çağırışlar fonunda mövqeyini təsvir etdi.
Prezident İlham Əliyev Cənubi Qafqazda baş verən tarixi transformasiyalar və yeni əməkdaşlıq formatlarının yaranması məsələsinə diqqət çəkdi. Regionun tarixi dəyişikliklərdən keçdiyini, münaqişələrin keçmişdə qaldığını və yeni əməkdaşlıq imkanlarının ortaya çıxdığını vurğuladı. Bu yanaşma Azərbaycanın müstəqil xarici siyasətinin və regional güc mərkəzi kimi rolunun təcəssümüdür. Azərbaycan regionda strateji tərəfdaşlıq və əməkdaşlığı gücləndirmək niyyətini göstərir.
Beynəlxalq mediada Azərbaycan haqqında yayılan yanlış məlumatlara və dezinformasiyaya qarşı mübarizəni xüsusi qeyd edən Prezident İlham Əliyev xüsusən Ermənistan və erməni diasporasının yaydığı yanlış məlumatların Azərbaycanı beynəlxalq aləmdə təcavüzkar kimi təqdim etdiyini və bu məlumatların siyasi motivlərdən qaynaqlandığını qeyd etdi. Həyata keçirilən informasiya siyasəti Azərbaycanın beynəlxalq səviyyədə öz mövqeyini qorumaq və dezinformasiyaya qarşı mübarizə aparmaq üçün effektiv strategiyaları inkişaf etdirmək məqsədini daşıyır.
Şuşa Qlobal Media Forumu dezinformasiyaya qarşı mübarizə, enerji təhlükəsizliyi, beynəlxalq münasibətlər və regional transformasiyalar kimi bir sıra mühüm məsələləri əhatə edərək Azərbaycanın haqq səsinin, ədalətli mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında xüsusi rol oynadı.