Xəbərlər
Gəncədə şəhid övladları üçün yay məktəbi təşkil olunub
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Gəncə Regional filialının tərəfdaşlığı ilə şəhid övladları üçün yay məktəbi təşkil olunub.
Dörd gün davam edən yay məktəbinin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, onların vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.
İlk gün şəhid övladları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov ilə birlikdə şəhər Şəhidlər Xiyabanında qəhrəman Vətən övladlarının məzarları önünə gül dəstələri düzüblər.
Proqram müddətində şəhid övladları dahi Azərbaycan şairi Nizami Gəncəvinin türbə kompleksi və muzeyi, Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzey Kompleksi, Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi, dünyaca məhşur “Butulkalı ev”də olub, Gəncənin tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, eləcə də son illərdə inşa edilən turizm və istirahət məkanları ilə tanış olublar.
Onlar şəhər Heydər Əliyev Mərkəzində də olub, Ulu Öndərin abidəsini ziyarət edib, Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən foto, şəxsi əşyalar ilə tanış olub, Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən filmə baxıblar.
Göygölə və Hacıkəndə ekskursiya uşaqlarda böyük təəssürat yaradıb.