Xəbərlər
“Heydər Əliyev ideyaları Azərbaycanın qüdrətli inkişafının əsasıdır!”
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 55-ci ildönümü ilə bağlı “Ulu Öndər Heydər Əliyev ideyaları Azərbaycanın qüdrətli inkişafının əsasıdır!” adlı tədbir keçirib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, əziz xatirəsi ehtiramla anılıb. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.
Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, şəhid anası Arzu Hüseynzadə, qazi Pünhan Əliyev, Qarabağ Regional Təhsil İdarəsinin Bərdə rayonu üzrə təhsil sektorunun müdiri Qurban Məmmədov, partiya fəalları Əməkdar müəllim Rzaqulu Şərifov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə sektorunun nümayəndəsi Fidan Nəsirli, Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecində yerləşən ərazi partiya təşkilatının sədri Raqub Yunisov, Bərdə Peşə Liseyinin direktoru Samir Nəcəfov, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin rayon şöbəsinin sədri Etibar Hüseynov, Bərdə Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Vüsal Məmmədov və digərləri çıxış ediblər.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün birinci mərhələsinin xalqın yaddaşında respublikamızda iqtisadi yüksəliş, quruculuq, abadlaşma, yeni yaşayış məskənlərinin salınması, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması və məişət mədəniyyətinin yüksəldilməsi dövrü kimi qaldığı vurğulanıb.
Sonra Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan şeirlər səsləndirilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.