YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlu gələcəyin yeni yol xəritəsi

Əli Hüseynli

Milli Məclisin deputatı 

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət və hökumət  başçılarının 3-4 iyul tarixli Astana sammiti regionun gələcək inkişaf perspektivlərini müəyyənləşdirən mühüm tarixi və siyasi hadisədir. Bu görüş Avrasiya məkanında geosiyasi və iqtisadi əməkdaşlığın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.  Rezonans effekti yaradan tədbirin gedişini diqqətlə izləyən dünya ictimaiyyəti, nüfuzlu siyasi dairələr və beynəlxalq media bu gün onun nəticələrini təhlil etməkdədirlər.

Təbii ki, bizim üçün bu toplantının əhəmiyyəti Azərbaycana hansı töhfələr verməsii və hansı perspektivlər vəd etməsi baxımından daha önəmlidir. Bu məsələnin obyektiv və dolğun ifadəsi onun bir neçə vacib aspektdən dəyərləndirilməsindən keçir.

Çoxtərəfli dialoqun ortaq hədəfləri

Əvvəlcə ŞƏT-in beynəlxalq mövqeyi fonunda Azərbaycanın bu təşkilatdakı yerinə nəzər salaq. Son illər beynəlxalq münasibətlər sistemində bir sira siyasi instititların və beynəlxalq təşkilatların nüfuzu artmaqdadır. Onlardan biri də ŞƏT-dır. Təşkilat 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub.  Həm əhalisinə, həm də ərazisinə görə dünyanın ən böyük ölkələrdən bir neçəsinin üzv olması ilə  Avrasiya ərazisinin 65% - ni və 3,5 milyard əhalisini əhatə edir. Qurumun əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, iqtisadiyyat, texnologiya, mədəniyyət, təhsil, enerji, nəqliyyat və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsidir. Regionda sülh, sabitlik və təhlükəsizliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni beynəlxalq siyasi və iqtisadi düzənin yaradılması üçün addımların atılması da təşkilatın prioritetlərindəndir. ŞƏT faktiki olaraq dünyanın çoxqütblü nizamının formalaşmasında müstəsna rola və imkanlara malik böyük güc mərkəzinə çevrilməkdədir. İndiyədək əsasən Asiya və ərəb ölkələrinin əməkdaşlıq məkanı olan ŞƏT-nın təsir coğrafiyasi Belarusiya Respublikasının təşkilata üzv qəbul edilməsi ilə artıq fəal şəkildə Avropanı da əhatə etməyə başlayıb.    

2015-ci ildə ŞƏT Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasına ŞƏT-də dialoq üzrə tərəfdaş statusunun verilməsi barədə qərar qəbul edilib. 2016-cı ildə tərəflər arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Əməkdaşlıq istiqamətləri arasında Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstrmizm və separatismlə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Lakin təşkilatla əməkdaşlığını uğurla davam etdirən Azərbaycan müşahidəçi status almaq istəyindədir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Cənubi Qafqaz regionunda ən nüfuzlu dövlətə çevrilən və beynəlxalq əlaqələrdə  üfüqi münasibətlərə üstünlük verən Azərbaycanın bu niyyəti bütövlükdə  ŞƏT üçün də böyük önəm daşıyır. Çünki Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq özünü bütün dünyada mötəbər beynəlxalq  tədbirlərə uğurla rəhbərlik edən ölkə, qlobal səviyyəli məsələlərin müzakirə olunduğu mühüm platform kimi sübut edib.

Bizim üçün strateji əhəmiyyət kəsb edən məqamlardan biri də bu təşkilatda Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrin bir neçəsinin üzvlüyü, eyni zamanda qardaş Türkiyənin də bu prosesdə aktiv rol alması, digər tərəfdən isə islam dünyasını təmsil edən bir sıra ölkələrin təmsilçiliyidir.

Azərbaycanın ŞƏT-dakı üzv dövlətlərlə ikitərəfli əməkdaşlıq qurması bütövlükdə təşkilatla əməkdaşlığın genişləndirilməsini və  Azərbaycanın regional güç kimi dəstək qazanmasını şərtləndirir. Bu, həm də Azərbaycanın beynəlxalq səviyyədə səsinin eşidilməsi və mövqeyinin çatdırılması baxımından vacib platformadır. Azərbaycanın lideri artıq ikinci dəfədir ki, təşkilatın zirvə toplantısına dəvət olunub. Bütün bunlar Azərbaycanın incəliklə düşünülmüş xarici siyasətinin, çoxtərəfli və ikitərəfli uğurlu diplomatiyasının  təzahürüdür.

Dünyada baş verən geosiyasi proseslər fonunda Azərbaycan qarşılıqlı faydaya əsaslanan əlaqələri təşviq edir. Ölkəmiz ŞƏT ilə qarşılıqlı münasibətlərini daha da genişləndirmək üçün real imkanlara malikdır.  Uzun illərdir davam edən əməkdaşlıq bir sıra mühüm sahələri əhatə edir. Burada terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı da xüsusi yer alır. Azərbaycanın bu tədbirdə iştirakı ölkəmizin beynəlxalq arenada artan rolunu və nüfuzunu bir daha təsdiqləyir.  Ölkəmizin bu proseslərdə aktiv iştirakı yeni əməkdaşlıq imkanlarını formalaşdırır və ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirir. Bu, regional və qlobal səviyyədə etibarlı tərəfdaş kimi iqtisadi və siyasi əlaqələrimizin genişlənməsinə zəmin yaradır.

Astanada sammit ilk dəfə olaraq "ŞƏT – ə üzv dövlətlərin başçılarının iclası" və "ŞƏT +" görüşləri formatında keçirilib. Müzakirələr zamanı ŞƏT-in müxtəlif istiqamətlər üzrə çoxşaxəli əməkdaşlığının daha da möhkəmləndirilməsinə, onun perspektivlərinə, eləcə də aktual beynəlxalq və regional problemlərin həllinə kömək edən geniş spektrli məsələlərə baxılıb. Bu, ŞƏT-in beynəlxalq miqyasda nüfuzlu siyasi və iqtisadi aktor kimi yer və rolunun gücləndiyini bir daha göstərir.

Prezident İlham Əliyevin artıq ikinci dəfə belə yüksək səviyyəli sammitə fəxri qonaq qismində dəvət alması da məhz ölkəmizə və onun liderinə inamın, ehtiramının göstərici, öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etmiş güclü Azərbaycana qarşı artan marağın yeni bir ifadəsidir.

Azərbaycanın xarici siyasətinin, o cümlədən xarici iqtisadi siyasətinin təməl prinsipləri qarşılıqlı faydalılıq əsasında ölkənin imkanlarını genişləndirməkdən ibarətdir. Azərbaycanın ŞƏT-da iştirakı, şübhəsiz,  ölkəmiz üşün əlavə müsbət dividentlər qazandıracaq. Qarşılıqlı olaraq ŞƏT üzvləri də digər orta güclər sırasından daha çox Azərbaycanla sülh, təhlükəsizlik və sabitlik üzrə dialoqun inkişaf etdirilməsinin  vacibliyini qəbul edirlər. Bu yanaşma ölkəmizin Beynəlxalq Transxəzər Nəqliyyat Dəhlizi (“Orta Dəhliz”) və onun tərkib hissəsi olan Zəngəzur dəhlizi vasitəsilə Şərqlə Qərb arasında bütün sahələrdə mühüm körpü rolunu oynadığının etirafı sayıla bilər.

Astana sammiti  həm də  cəmi bir neçə aydan sonra COP29-un ölkəmizdə keçirilməsi baxımından da mühüm məna kəsb edir. Azərbaycan Prezidentinin toplantıya qatılması COP29-la bağlı mesajlarının sözü gedən mötəbər platform vasitəsilə bir daha dünyaya çatdırılması və bu istiqamətdə səmərəli müzakirələrin aparılması baxımından çox əhəmiyyətlidir.

Çin - Azərbaycan münasibətlərində yeni keyfiyyət mərhələsi

ŞƏT-nın yaradılmasının əsas təşəbbüskarlarından biri məhz Çin olub. Bu ölkə indi də təşkilatın əsas oyunçularından biridir. Çin-Azərbaycan münasibətlərinin çoxəsrlik tarixi var. Bu gün Cənubi Qafqazın aparıcı ölkəsi olan respublikamız tarixən qədim İpək Yolu üzərində yerləşir və bu yol öz mənbəyini məhz Çindən götürür.

Azərbaycanın Çin ilə müasir əlaqələri Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə qoyulmuşdur. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər bu münasibətlərin daha da inkişafı üçün münbit zəmin yaratmışdır. Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi ilə ölkələrimiz arasında iqtisadi əlaqələr məhz ŞƏT çərçivəsində qarşılıqlı fəaliyyət, ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Çin hökumətlərarası komissiyasının fəaliyyəti sayəsində daha da möhkəmlənmişdir.

Bu münasibətlər bütün sahələrdə – siyasi, iqtisadi, mədəni və hətta mənəvi sahələrdə özünü göstərir. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, Çinin Azərbaycana dost münasibətini görə biləsən. Çin COVID-19 pandemiyası başlayanda Azərbaycana peyvəndlərin çatdırılmasında kömək edən yeganə ölkə olub. Qarşılıqlı münasibətlərimizin parlament ölçüsü nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, eləcə də parlamentlərarası işçi qrupları vasitəsilə formalaşır. ŞƏT-nın Astana sammiti çərçivəsində dövlət başçılarımızın görüşünün ruhu Azərbaycan Respublikası və ÇXR – nın ümumi məqsədlərimizə xidmət edən prinsiplərə sadiqliyinin təsdiqidir.

Bu gün Azərbaycan–Çin əlaqələri çox­şaxəli struktura malikdir, dövlətlər arasında əməkdaşlıq çoxşaxəli və konstruktivdir. Çin Azərbaycanın ilk idxal mənbəyi və beş əsas ticarət tərəfdaşımızdan bi­ridir. Burada enerji keçidi, bərpa olunan enerji sahəsində əməkdaşlıqdan tutmuş istehsal sahələ­rinədək bir sıra məqamlar var. Lakin yeri gəlmişkən bir məqa­mı da xüsusi vurğulamağa ehtiyac var. Heydər Əliyev Fondu Azərbaycanla Çin arasında mədəni və humanitar müba­dilənin əsas hərəkətverici qüvvəsidir. Fond “Çinin Xarici Ölkələrlə Dostluq üzrə Xalq Cəmiyyəti” ilə birlikdə müxtəlif layihələr həyata keçirir ki, bu fəaliyyətin də uğuru göz önündədir.

Strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamənin qəbul edilməsi bu gün bu münasibətlərin pik nöqtəsidir. Belə ki, bu anlaşma Azərbaycan – Çin münasibətlərinı keyfiyyətcə yeni mərhələyə yüksəltmiş oldu. Dünyada ən güclü  geosiyasi mərkəzlərdən biri olan Çin Azərbaycanı Cənubi Qafqazda özünün strateji tərəfdaşı kimi dəyərləndirdiyini rəsmi şəkildə bəyan etmiş və demək olar ki, bütün istiqamətlərdə qarşılıqlı münasibətlərin inkişafında maraqlarını ifadə etmişdir. Geosiyasi məsələlərin də toxunduğu Birgə Bəyannamədə Çin tərəfi ŞƏT-də Azərbaycanın hüquqi statusunun artırılmasını dəstəkləyir və onun BRİKS-ə qoşulmaq istəyini alqışlayır. Çin-Azərbaycan münasibətləri baxımından tarixən və siyasi baxımdan əhəmiyyətli olan bu sənəddə konteksti aşağıdakı tezislərlə ifadə olunan daha bir neçə mühüm istiqaməti qeyd etmək vacibdir:

- birincisi, bu, bir-birinin ərazi bütövlüyünə hörmətdir. Azərbaycan Vahid çini və Çinin Tayvanla bağlı mövqeyinə müsbət yanaşır. Buna cavab olaraq BMT TŞ-nin daimi üzvü statusuna malik olan Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh çağırışını qətiyyətlə dəstəkləyir;

 - iqtisadiyyat və nəqliyyat sahəsində, xüsusən də "bir kəmər-bir yol" un dəstəklənməsi ilə bağlı çox geniş məsələlərə toxunulur ki, bu da Çinin Azərbaycan vasitəsilə yük daşımalarına tam cəlb olunması deməkdir;

- Çinin qətiyyətli dəstəyi sayəsində rabitə təhlükəsizliyi beynəlxalq mövzuya çevrilir;

- Çin tərəfi Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin ("Orta dəhliz") tikintisində və istifadəsində fəal iştirak etməyə, Azərbaycanla daha sıx işləməyə hazır olduğunu bildirir. Bu, Çin və ŞƏT-in digər üzvlərini həm orta dəhlizin tikintisinə, həm də istifadəsinə birbaşa cəlb etmək üçün bir öhdəlikdir.

 Azərbaycan lideri ilə görüşdə ÇXR-nın Sədri Si Cinpin bu prosesləri yüksək qiymətləndirib: "Inanıram ki, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan bundan sonra da dövlət quruculuğunun müxtəlif sahələrində yeni uğurlar qazanacaqdır. Çin-Azərbaycan əlaqələri səmimiyyətə və qarşılıqlı etimada əsaslanır. Ölkələrimiz bərabərliyə və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan mehriban dostlar, yaxın tərəfdaşlardır. Çin-Azərbaycan münasibətləri həmişə sağlam və sabit zəmində inkişaf edib. İki ölkə arasındakı əməkdaşlıq səmərəli nəticələr verdi və daha mənalı oldu... biz bu sənədlə bəyan edəcəyik ki, ikitərəfli əlaqələrimizi strateji əməkdaşlıq səviyyəsinə qaldıracağıq. Bu da yeni bir istinad nöqtəsidir. Biz xalqlarımızın rifahı naminə qarşılıqlı dəstəyi artırmağa davam edəcəyik". Azərbaycan Prezidenti İlham Əliyev də Bəyanatı böyük nailiyyət və böyük uğur adlandırıb: "Ölkələrimiz yaxın tərəfdaşdır və qəbul edilmiş Bəyannamə rəsmi olaraq Çin Xalq Respublikasını və Azərbaycanı strateji tərəfdaşlara çevirir. Hesab edirəm ki, bu, böyük nailiyyətdir, həm də böyük məsuliyyətdir. Biz bundan sonra da fəal əməkdaşlıq etmək, bütün istiqamətlər üzrə ikitərəfli əlaqələri gücləndirmək niyyətindəyik".

Bütün bunlar o deməkdir ki, qlobal beynəlxalq gündəmin əsas məsələlərinə dair bizim mövqelərimiz üst-üstə düşür. Dünya­nın super gücü olan ÇXR ilə münasibətlərimizin yüksək məcraya çatdırılması həm tərəqqi və in­kişafın təminatı, həm də qloballaşan və dəyişən dünyanın sərt reallıqlarına qarşı son dərəcə ciddi sığortadır. Nəzərə alaq ki, rəsmi Pekinlə ikitətərli münasibətlə­ridəki dinamika bəzi Qərb dairələrinin, xüsusən Fransanın ökəmizi qlobal pro­seslərdən təcrid siyasətinə verilən ən layiqli cavabdır.    Beləliklə, tam qətiyyətlə deyə bilərik ki, Pre­zident İlham Əliyevin Si Cinpin ilə görü­şü, eləcə də imzalanmış mühüm dövlət sənədi Bakı–Pekin münasibətlərini bütün sahələrdə daha da dərinləşdirəcək, qar­şılıqlı təmasları və dialoqu intensivləş­dirəcək, ikitərəfli əlaqalərə yeni məzmun və keyfiyyət qazandıracaq.