YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Region üçün yeni tarixi gerçəklik

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir.  Azərbaycan-Türkiyə münasibətləri Ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamları ilə xarakterizə olunur. Bu münasibətlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə özünün zirvə mərhələsinə qədəm qoydu.

Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi də xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.

Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir.

Şuşa Bəyannaməsində xüsusi önəm daşıyan məsələlərdən biri kimi aktual xarakter daşıyan informasiya siyasəti və lobbiçilik məsələlərini qeyd etmək olar. Bəyannamədə Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, ümumi problemlər qarşısında birlikdə addımların atılması və ardıcıl həmrəylik göstərilməsi kimi müddəaların yer alması bu məsələyə xüsusi önəm verildiyini və fəaliyyətlərin koordinasiya edilməsinin vacibliyini bildirir.

Yüz il bundan əvvəl imzalanmış Qars müqaviləsindəki müddəaların yenilənməsi, adıçəkilən müqavilədən fərqli olaraq iki qardaş dövlət arasında belə bir Bəyannamənin imzalanması  böyük tarixi nailiyyətdir. Təbii ki, Qars müqaviləsində olduğu kimi, Şuşa Bəyannaməsi də Ermənistanın ciddi narahatlığına səbəb olub. Tarixə nəzər yetirsək, görərik ki, Ermənistanı Qars müqaviləsi ilə bağlı böyük narazılıqları olub. Çünki bu müqavilə ermənilərin yeni ərazi iddialarının qarşısına keçilməz bir sədd çəkirdi. Məhz bu baxımdan Şuşa Bəyannaməsinin Qars müqaviləsinə istinad etməsi heç də təsadüfi deyil.

Bu Bəyannamə həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesaj  olmaqla bərabər, Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir. Ən əsası, bu Bəyannamə region üçün yeni tarixi gerçəklik deməkdir.