Xəbərlər
“Avrasiyanın Arteriyaları”
Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadçı-ekspert Eldəniz Əmirovun Prezident İlham Əliyevin uğurlu dəhliz strategiyasına həsr olunan “Avrasiyanın Arteriyaları” adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə universitet rəhbərliyi, Milli Məclisin deputatları, müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri, tanınmış politoloqlar, iqtisadçı ekspertlər, media nümayəndələri iştirak ediblər.
Kitabda ABŞ, Rusiya, Çin və digər dünya nəhənglərinin Avrasiyanın dəhlizləri uğrunda apardığı mübarizə və bu mübarizənin yaratdığı münaqişələr, onların təzyiqi ilə məhv edilən və məhvi planlaşdırılan dəhlizlər haqqında, eləcə də onların gələcəyinə dair təhlil və proqnozlar yer alıb. Avrasiya materikinin 30-dan çox nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin hər birinin tarixi, marşrutları, texniki-iqtisadi parametrləri və onların gələcəyinə dair geniş təhlillər öz əksini tapıb. Kitabda Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan 10-a yaxın nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin qlobal geosiyasətin əsas komponentinə necə çevrildiyinin detalları müəllif tərəfindən incəliklə qeyd olunub.
Çıxış edənlər kitabın əhəmiyyətindən və maarifləndirmə işlərində oynayacağı roldan danışıblar. Qeyd olunub ki, kitabda dəhlizlərin texniki-iqtisadi və digər göstəriciləri dəqiq ifadə edildiyinə görə o, ali məktəblərdə dərs vəsaiti kimi də istifadə oluna bilər. Natiqlər 30-dan artıq dəhlizə dair məlumatların, təhlil və proqnozların bir kitabda öz əksini tapmasını nadir hal kimi qiymətləndiriblər.
Kitabın region ölkələri və Avropa oxucuları üçün də maraq doğuracağı gözlənilir.