Xəbərlər
Azərbaycan nefti insan kapitalına çevrildi

Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Azərbaycanın enerji diplomatiyasının uğurları biri-birini əvəzləməkdədir. Hər il ənənəvi keçirilən Xəzər Neft və Qaz sərgiləri ötən dövr ərzində ölkəmizin enerji sektorunda qazandığı uğurların təqdimatında mühüm rol oynayır. 4-6 iyun tarixlərində keçirilən Bakı Enerji Həftəsi növbəti dəfə Azərbaycanın regionun və dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələrə işıq saldı. Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirdi: 29-cu Beynəlxalq Xəzər Neft və qaz Sərgisi, 12-ci Xəzər Beynəlxalq energetika və Yaşıl enerji Sərgisi və 29-cu Bakı Enerji Forumu.
Dövlət başçısı İlham Əliyev Enerji Həftəsinin açılış mərasimindəki çıxışında Azərbaycanın uğurlarını şərtləndirən neft strategiyasının icrasından bəhs etdi. Diqqəti müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadığı təhlükələrə, faciələrə yönəldən cənab İlham Əliyev 1993-cü ili dönüş nöqtəsi kimi dəyərləndirdi. Bildirdi ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında yeni bir mərhələ başladı. Ümummilli Liderin müəllifi olduğu neft strategiyası ölkəmizə genişmiqyaslı uğurlar qazandırır. 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanmasından öncə ilk Beynəlxalq Xəzər Neft və qaz Sərgisinin keçirilməsi ölkəmizin iqtisadi imkanlarının təqdimatı oldu.
Təbii sərvətlərimizin əsl sahibi olmaq Azərbaycan xalqının ən böyük arzularından biri idi. Ümummilli Lider xalqımızın bu arzusunu reallığa çevirdi. İqtisadi strategiyasının dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən işlənib hazırlanması ölkəmizin gələcək inkişafının əsası oldu. Azərbaycan qısa müddətdə sabitlik məkanına çevrildi. Bu isə öz növbəsində ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin iqtisadiyyatımıza yatıracaqları investisiyanın təhlükəsizliyinə tam əminlik yaratdı. Dövlət başçısı İlham Əliyev sözügedən tədbirdəki çıxışında diqqəti “Əsrin müqaviləsi”nin imzalandığı dövrün reallıqlarına yönəldərək bildirdi ki, Azərbaycan çox riskli bir ölkə idi. İnvestorlar həmişə siyasi çətinliklərə və geosiyasətə qarşı həssasdırlar. Lakin onlar Azərbaycan hökumətinə və xalqa etibar etdilər. SOCAR və yaradılmış konsorsium arasında çox etibarlı əməkdaşlıq var idi.
Ulu Öndər Heydər Əliyev daim bu çağırışı edirdi ki, Azərbaycanın neft yataqları xalqımızın ən böyük milli sərvətidir və ondan bu gün də, gələcəkdə də çox ehtiyatla istifadə etmək lazımdır. Düşünmək lazımdır ki, bizim sərvətlərimiz təkcə bugünkü nəsillər üçün deyil, nəvə-nəticələrimiz, gələcək nəsillərimiz üçün də gərəkdir. 1999-cu ildə Dövlət Neft Fondunun yaradılması da Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsidir. Neft gəlirlərindən səmərəli istifadəni təmin etmək məqsədilə yaradılan bu qurumun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ölkənin hərtərəfli inkişafına geniş imkanlar açır. Cənab İlham Əliyevin çıxışlarında da bu məqam hər zaman xüsusi yer tutur ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar heç də onlara böyük uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir. Lakin Azərbaycanda iqtisadi inkişaf strategiyasının qabaqcıl ölkələrin təcrübəsinə uyğun şəkildə qurulması bu kimi problemlərin yaşanmamasına gətirib çıxarır. Ölkəmizdə neft gəlirlərinin ədalət prinsipi əsasında bölünməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılmasını təmin edir. Bu günümüzün reallıqları Ulu Öndər Heydər Əliyevin bütün çıxışlarının mahiyyətində dayanan “Neft-Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” tezisinin təsdiqidir.
Neft gəlirlərinin düzgün istiqamətləndirilməsi Azərbaycanın hazırkı inkişafında özünün aydın ifadəsini tapır. Son 20 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ilk gündən bəyan etdi ki, iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir. Dövlət başçısı İlham Əliyevin irəli sürdüyü təşəbbüslər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır, dəstəklənir. Bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirdi. Görülən və görüləcək işlərin fonunda bir daha bu reallıq öz təsdiqini tapır ki, ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əsasdır. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri də insan amilinə dəyəri nümayiş etdirir. Soydaşlarımızın gələcəkdə daha rahat yaşayışı üçün bütün zəruri addımlar atılır. Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin gələcəyə hesablanmış siyasətinin və hazırda bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Dövlət başçısı İlham Əliyev Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə atdığı addımların fonunda bu çağırışı bir daha diqqətə çatdırdı ki, neft və qaz ehtiyatlarına sahib olduğumuza görə bizi heç kəs günahlandıra bilməz. Bunu bizə Allah yetirib. Bizim işimizə bu ehtiyatların mövcudluğu əsasında deyil, onlardan hansı şəkildə istifadə etdiyimizə görə qiymət verilməlidir. Biz bu sərvəti müxtəlif vasitələrlə cəmiyyətə yönəltmişik, inklüziv cəmiyyət qura, yoxsulluğu 50 faizdən 5 faizə endirə bilmişik, xarici borcumuzu təxminən 100 faizdən 7,7 faizə endirməyə müvəffəq olmuşuq: “Yəni, bizə qiymət verilən zaman bütün bu amillər nəzərə alınmalıdır. Bununla yanaşı, COP29-a ev sahibliyi etmək kimi məsuliyyətli vəzifəni üzərimizə götürərkən biz bunun həm üstünlüklərini, həm də müəyyən çətinliklərini tam şəkildə dərk edirik. Ancaq biz bu məsələyə sadiqik.”
Göründüyü kimi, Azərbaycanın enerji siyasəti daxili tələbatın ödənilməsi ilə yanaşı, dostluğa, əməkdaşlığa, dünyanın enerji təhlükəsizliyinin təminatına xidmət edir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib edir. Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsi enerji sekorunda qazanılan uğurların xronologiyasında özünün aydın ifadəsini tapır.