Xəbərlər
Ölkəmiz mötəbər tədbirlərə ev sahibliyi edir
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri
Cari ilin iyun ayının 4-dən başlayaraq ölkəmizdə Bakı Enerji Həftəsi keçirilir. Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir. Bunlar 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumudur.
Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edir. Burada Azərbaycanla yanaşı, bir çox Avropa ölkələri Cənubi Qafqaz və Yaxın və uzaq Şərq ölkələri də təmsil olunur.
Hər il keçirilən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderləri bir araya gətirir və bununla da diqqəti Azərbaycana yönəldir. Prezident İlham Əliyev Azərbaycanda keçirilən Bakı Enerji Həftəsinin açılış mərasimində iştirak edib ki. Bu il ölkəmizin neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanmasının 30 ili tamam olacaq. Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin təsis edilməsindən də 30 il ötür. Daha bir önəmli fakt odur ki, budəfəki sərgilər və forum Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili"nin yaşandığı dövrdə keçirilir.
Rəsmi Bakının COP29 çərçivəsində gördüyü işlər, planetin ekoloji təmizliyinin qorunması, “yaşıl enerji”yə keçidlə bağlı irəli sürdüyü beynəlxalq təşəbbüslər dünya tərəfindən müsbət qarşılanır. Bu gün Azərbaycanda bərpa olunan enerji potensialının lazımi səviyyədə olması enerji siyasətimizi yeni səviyyəyə yüksəldilməsini göstərir.
Ulu Öndər Heydər Əliyev uzun illər bundan əvvəl Azərbaycanda keçirilən sərgidə qətiyyətlə bildirmişdir ki, nəzərdə tutulan bu cür böyük işlər ölkəmizə uğur gətirəcəkdir .
Artıq Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi şöhrət tapıb və bu sahədə davamlı olaraq əlaqələrini genişləndirir. Məhz Bakı Enerji Həftəsinin keçirilməsi buna bariz nümunədir.
Bu gün Prezident İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətin məntiqi nəticəsidir ki, dünyanın aparıcı ölkələrinin Azərbaycana marağını artırır.