Xəbərlər
Bərpaolunan enerji sahəsində yeni eranın əsası qoyuldu
“Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sahəsində mövcud olan liderlərini bir araya gətirir və diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Dövlətimizin başçısı İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı tədbirin yüksək statusunu təsdiqləyir. Bakı Enerji Həftəsinin iştirakçılarının say tərkibində də artım Azərbaycanın, onun Prezidentinin nüfuzunun, göstərilən etimadın təqdimatıdır. Azərbaycan bütün sahələrdə olduğu kimi, enerji sektorunda da qazandığı uğurları, iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası ilə diqqətdədir. Bu layihələr ölkələr, xalqlar arasında körpü rolunu oynayır, onları daim bir araya gətirir. Əməkdaşlığın coğrafiyasının ildən-ilə daha da genişlənməsi Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir. Builki Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edir. Üç gün davam edəcək bu tədbir çərçivəsində yeni əməkdaşlıqlar qurulacaq, təcrübə mübadiləsi aparılacaq və yeni inkişaf istiqamətləri müəyyən ediləcək. Dövlət başçısı İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimindəki çıxışı Azərbaycanın enerji sektorunda qazandığı uğurların və onların fonunda qarşıdakı dövrdə görüləcək işlərin təqdimatı oldu. Cənab İlham Əliyev Xəzər Neft və Qaz Sərgisinin otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynadığını önə çəkdi və bildirdi ki, o vaxtdan bəri bu tədbir miqyasını daha da genişləndirərək enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal və nəqliyyatı və əlbəttə ki, yaşıl enerjini əhatə etdiyinə görə hazırda onun adı Bakı Enerji Həftəsidir. Otuz il bundan əvvəlki Azərbaycan başqa idi. Müstəqillik yolunda ilk addımlarını atırdı. O illər çətinliklər, çağırışlar və faciəvi hadisələrlə dolu olan bir dövr idi. 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olar ki, iyirmi faizinin işğalı ilə müşayiət olundu. 1993-cü ilin vətəndaş müharibəsi ölkəni uçuruma aparırdı. Azərbaycan müstəqilliyini itirmək təhlükəsini yaşadı. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin həyatında dönüş nöqtəsi oldu.”
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Malik Həsənov qeyd edib ki, ilk Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektorunda mövcud imkanların təqdimatı oldu: “Bu sərgidən bir neçə ay sonra 1994-cü il 20 sentyabr tarixində Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində “Əsrin müqaviləsi” imzalandı. Bu saziş Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin etdi, ölkəmizə inamı artırdı, etibarlı tərəfdaş kimi tanınmasında və nüfuz qazanmasında əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyev bu mühüm məqamı xüsusi qeyd etdi ki, bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacaq. Bu gün, həmçinin qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir.”
Millət vəkili vurğulayıb ki, Azərbaycan tarixən neft ölkəsi kimi tanınır: “İllər keçdikcə qaz, elektrik enerjisi ixracatçısına çevrildi. “Şahdəniz” Azərbaycanda qaz qıtlığına son qoydu. Çünki ondan əvvəl təbii qazı idxal, indi isə ixrac edirik. İxrac imkanlarımız artır. Cənab İlham Əliyev bu statistik rəqəmi açıqladı ki, bu il 24 milyard kubmetrdən artıq olacaq. Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi. Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırır. Çünki Azərbaycandan təbii qaz alan səkkiz ölkədən altısı Avropa ölkəsidir. Qaz təchizatımızın coğrafiyası genişlənir.”
Malik Həsənov onu da bildirib ki, dövlət başçısı İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışında səsləndirdiyi “Bizim sözümüz imzamız qədər dəyərlidir” çağırışı özündə bütün məqamları ehtiva edir: “Belə ki, son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Cənab İlham Əliyev qeyd etdi ki, onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı görülən işlər əlavə edilsə, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bu, sadəcə, başlanğıcdır.”
Millət vəkili Bakı Enerji Həftəsinin hər zaman yeni ideyalar, təmaslar, müqavilələr ilə nəticələndiyini qeyd edib: “Budəfəki tədbirdə də mühüm nəticələr əldə ediləcək. Bu il Azərbaycanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il keçir. Vaxtilə “Şahdəniz” layihəsi böyük enerji strategiyasının əsasını qoyduğu kimi, 4 iyun 2024-cü ildə əsası qoyulan layihələr də bərpaolunan enerji sahəsində yeni eranın başlanğıcı olacaq. 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimi çərçivəsində Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin iştirakı ilə Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulması da bunun bariz nümunəsidir.”