YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlu başlanğıc

“Ötən il Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında dövlət başçısı İlham Əliyev bu çağırışı etdi ki, əlbəttə, görüləcək işlər çoxdur, TANAP, TAP genişlənməlidir. Digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır. Avropada interkonnektorların sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir. Çünki burada böyük sərmayə qoymalıyıq. Ona görə də komanda işini davam etdirməliyik. Artıq yeni iştirakçılarımız, ideyalarımız, planlarımız var. Bunları reallaşdırdıqca, bütün işlərimiz uğurla gedəcək.

Son bir ildə qeyd edilən hədəflərə doğru atılan addımlara diqqət yetirmək kifayətdir. Azərbaycanın uğurlu enerji siyasəti hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmağa əsas verir. Eyni zamanda, Azərbaycanın iqtisadi imkanlarının artması gündəmə gətirdiyi, iştirakçısı və təşəbbüsçüsü olduğu layihələri uğurlu sonluqla başa çatdırmasını şərtləndirir.  Azərbaycanda qaz hasilatı artır. Yeni yataqlar kəşf olunur və o yataqlarda istismar başlanıb. Həmçinin genişmiqyaslı yaşıl gündəlik  icra edilir. Bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması  qaza qənaət etmək imkanı yaradacaq.  Cənab İlham Əliyevin qeyd etdiyi kimi,  bu qazın əsas istiqaməti və əsas ünvanı Avropa olacaq. O da məlumdur ki, Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb.” Bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov bildirib.

Nurlan Həsənov Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarından bəhs edib: “İqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verilməsi Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsidir. Dövlət başçısı İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində diqqəti yeni neft strategiyasının uğurlarına yönəldərək bildirdi ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr ən etibarlı,  uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Bütün bunların  nəticəsidir ki, bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik.”

Millət vəkili onu da bildirib ki, dövlət başçısı İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla zəngindir: “Cənab İlham Əliyev bir daha bildirdi ki, neft və qaz ehtiyatlarına sahib olduğumuza görə bizi heç kəs günahlandıra bilməz. Bunu bizə Allah yetirib. İşimizə bu ehtiyatların mövcudluğu əsasında deyil, onlardan hansı şəkildə istifadə etdiyimizə görə qiymət verilməlidir. Bu sərvəti müxtəlif vasitələrlə cəmiyyətə yönəltmişik, inklüziv cəmiyyət qura bilmişik.  Yoxsulluq səviyyəsinin  50 faizdən 5 faizə,  xarici borcumuzun isə  təxminən 100 faizdən 7,7 faizə enməsinə  müvəffəq olmuşuq. Bununla yanaşı, COP-a ev sahibliyi etmək kimi məsuliyyətli vəzifəni üzərimizə götürərkən bunun həm üstünlüklərini, həm də müəyyən çətinliklərini tam şəkildə dərk edirik.”

Nurlan Həsənov dövlətimizin uğurlu siyasəti nəticəsində dayanıqlı inkişafımızın təmin edilməsindən və bunun fonunda yeni əməkdaşlıq formatlarının gündəmə gətirilərək reallığa çevrilməsi istiqamətində atılan addımlardan danışıb: “Ümumilikdə Bakı Enerji Həftəsi öz növbəsində enerji sektorundakı aktual məsələlərin müzakirə edildiyi və enerji sənayesində əhəmiyyətli tərəflərin bir araya gəldiyi bir platformadır. Bu tədbir dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı, nəqliyyatı və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələri, təşkilatları cəlb edir. Bakı Enerji Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edir.  Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin tədbirlər proqramında yer alıb. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi ölkənin dünyada beynəlxalq və genişmiqyaslı təbirlərin uğurlu təşkilatçısı statusunu bir daha təsdiqləyir.”

Millət vəkili diqqəti sözügedən tədbir çərçivəsində Prezident İlham Əliyevin  və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin iştirakı ilə  Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyulmasına  yönəldərək bildirib ki, iyunun 4-ü tariximizdə “Şahdəniz” müqaviləsinin imzalanması, həmçinin yaşıl keçidlə bağlı təməlqoyma mərasimi ilə yadda qalacaq. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir. Bu, sadəcə başlanğıcdır.