YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Etibarlı əməkdaşlıq əlaqələri

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Prezident İlham Əliyev cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibə verib. Prezident İlham Əliyev verdiyi müsahibədə Avropa İttifaqı ilə bağlı münasibətlərə də toxunaraq qeyd edib ki, Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyir. Üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamış və qəbul edilmişdir.

Bildiyimiz kimi, Azərbaycan müstəqilliyini bərpa edəndən Avropa ilə əlaqələri genişləndirməyə üstünlük verib. Avropa İttifaqı ilə münasibətlər Azərbaycanın xarici siyasi kursunda üstünlük verdiyi məsələlərdəndir. İttifaq və Azərbaycan münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir. Aİ Azərbaycanın əsas ticarət, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. Azərbaycanın ticarətinin 40 faizdən çoxu İttifaqa üzv dövlətlərin payına düşür. 2020-ci ildə tərəflər arasında ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları olub. Azərbaycanda quruma üzv dövlətlərin 1700-dən çox şirkəti fəaliyyət göstərir.Azərbaycan beynəlxalq aləmdə nüfuzunu genişləndirərək investisiya cəlb-ediciliyini artırmaqla yanaşı, Avropa İttifaqı (Aİ) ölkələri ilə də beynəlxalq ticarət əlaqələrini qarşılıqlı əməkdaşlıq çərçivəsində daim inkişaf etdirir. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanın hazırda ticarət əlaqələrinin 50 faizdən çoxu məhz Aİ ölkələrinin payına düşür. Son 20 il ərzində respublikada yüzlərlə müasir sənaye müəssisəsinin, yeni istehsal sahələrinin, müxtəlif bölgələrdə sənaye parklarının yaradılması da yerli məhsulların payının əhəmiyyətli dərəcədə artmasını şərtləndirməklə yanaşı, ixrac imkanlarının genişlənməsində önəmli rol oynayıb.

Artıq Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir və bununla da Azərbaycanın təbii qazı Avropaya çatdırılır. Bütün bunlar Azərbaycanın Aİ üçün önəmli tərəfdaş olduğunun bariz ifadəsidir. Bu məsələdə respublikamızla Aİ-nin enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələri mühüm önəm daşıyır. Azərbaycan ilə Aİ arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan səmərəli enerji dialoqu mövcuddur. Ölkəmizdə bərpaolunan enerjinin istehsalı sahəsində olan böyük potensial Aİ tərəfindən artıq yüksək dəyərləndirilir.

Azərbaycan-Avropa İttifaqı münasibətlərinə nəzər saldıqda qeyd etmək lazımdır ki, hazırda dünyanın diqqət mərkəzinə çevrilən Azərbaycan artıq qlobal məkanda özünün müstəqil xarici siyasətini müəyyənləşdirməyə nail olub və əksər dövlətlərdən fərqli olaraq, ölkəmizin beynəlxalq subyektlərdən asılı tərəf kimi deyil, əksinə, dünya birliyinin bərabərhüquqlu üzvü olması ilə fərqlənir. Eyni zamanda, Avropa qurumları ilə əlaqələrin xarici siyasətdə əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirən Azərbaycan Respublikası həm Avropanın nüfuzlu təşkilatları, həm də əksər dövlətləri ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan uğurlu siyasi əməkdaşlığın qurulmasına nail olub.