Xəbərlər
Əlaqələr strateji xarakter alır
David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə dostluq və əməkdaşlıq əlaqələri xalqqlarımız arasında mövcud olan səmimi münasibətlər, tarixi mədəni əlaqələr əsasında inkişaf edir. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Otuz ildən artıqdır ki, ölkələrimiz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparır, bir-birilərinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirirlər. Bu baxımdan Tacikistanla münasibətlərin inkişafı da ölkəmiz üçün böyük önəm kəsb edir. Qeyd olunmalıdır ki, ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Tacikistana indiyədək altı dəfə səfər edib. Ölkə rəhbərlərinin qarşılıqlı səfərləri birgə fəaliyyətin ən mühüm amilidir.
Məlumdur ki, Azərbaycanın Tacikistan ilə ikitərəfli formatda əməkdaşlıq əlaqələrinin dinamikası artan xətt üzrə inkişaf edir. Ölkələrimiz uzun illərdir ki, həm beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatda bir çox istiqamətlər üzrə əməkdaşlıq edirlər. Eyni zamanda da bu əməkdaşlığın, o cümlədən ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində daha da dərinləşməsi üçün çox yaxşı perspektivlər mövcuddur. Bütün bu perspektivlər cari ilin may ayının 23-də Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri çərçivəsində iki ölkənin dövlət başçılarının təkbətək və geniş tərkibli görüşləri zamanı ətraflı müzakirə olunub, əməkdaşlığın gələcək inkişafı məqsədilə atılacaq addımların əsas istiqamətləri müəyyən edilib. Əldə olunmuş ən vacib nəticələrdən biri də əlbəttə ki, “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin imzalanmasıdır. Cənab Prezident İlham Əliyev sənədlərin imzalanması mərasimindən sonra mətbuata verdiyi bəyanatında da xüsusi vurğuladı ki, Strateji Tərəfdaşlıq Bəyannaməsində qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub. Qeyd olunmalıdır ki, həmin gün ölkələrimiz arasında Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, ümumilikdə 14 sənəd imzalanıb. İmzalanmış bu sənədlərin hər biri Azərbaycan-Tacikistan münasibətlərinin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir.