YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Mötəbər yarışların ölkəmizdə keçirilməsi idmana marağı artırır

İlkin Əliyev

YAP Zərdab rayon təşkilatının sədri

Azərbaycan Respublikasında digər sahələrlə yanaşı idmanın tərəqqisinə göstərilən diqqət və qayğı, xüsusi ilə 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsindən sonra idmanın inkişafı istiqamətində atılan addımlar gələcək uğurların bünövrəsi olmaqla bu sahədə infrastrukturun müasirləşdirilməsinə, yeni olimpiya komplekslərinin və idman obyektlərinin tikilib istifadəyə verilməsinə, gənc idmançıların hazırlanması üçün geniş imkanların yaradılmasına və beynəlxalq yarışlarda Azərbaycan bayrağının daha yüksək zirvələrdə dalğalanmasına şərait yaratdı. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün idmançılarımız dünyanın, o cümlədən Avropanın mötəbər yarışlarında inamlı qələbələr qazanaraq ölkəmizin beynəlxalq arenalarda layiqincə təmsil olunmasına öz töhfələrini verir, qazanılan medallar vətənimizin idman sahəsində böyük potensiala malik olduğunu təsdiq edir.

Müxtəlif idman növlərində əldə olunan nailiyyətlər Azərbaycanın adını daim zirvələrdə saxlayır, idmançılarımız qalib kürsüsünə yüksələndə bayrağımızın dalğalanması, dövlət himninin səslənməsi hər bir vətəndaş üçün böyük qürur mənbəyinə çevrilir. Bununla yanaşı, Azərbaycan Respublikasında keçirilən beynəlxalq səviyyəli idman tədbirləri idmançılarımızın daha çox təcrübə toplamasına əlverişli şərait yaradır, onların peşəkar bacarıqlarının inkişafına, yarış təcrübələrinin artmasına, dünya səviyyəli rəqiblərlə mübarizə aparmaq vərdişlərinin formalaşmasına və gələcək uğurlar qazanmalarında mühüm rol oynayır.

İdman sahəsində əldə olunan uğurların davamı olaraq Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş güləş üzrə Avropa çempionatında idmançılarımızın inamlı qələbəsi bir daha ölkəmizdə idmanın yüksək səviyyədə inkişafını, bu sahədə qısa müddətdə əldə olunmuş nailiyyətləri nümayiş etdirdi. Güləşçilərimizin komanda hesabında birinci olması Azərbaycanda idmana olan diqqət və qayğının əyani təzahürü, uzun illər ərzində yaradılmış davamlı inkişaf modelinin real nəticəsini əks etdirən göstəricidir. Bu mötəbər yarışda idmançılarımızın qazandığı inamlı qələbələr, komanda hesabında birinci yeri tutmaları və göstərdikləri yüksək peşəkarlıq yenidən təsdiqlədi ki, Azərbaycanda idman sahəsi sürətlə və uğurla inkişaf edir.

Əldə olunan nəticə Azərbaycan güləşçilərinin həm fiziki hazırlıq, həm taktiki düşüncə, həm də qalib ruhu baxımından rəqiblərindən üstün olduqlarını nümayiş etdirməklə ölkəmizin Avropanın aparıcı idman dövlətlərindən birinə çevrildiyini təsdiq etdi. Aprelin 30-da Prezident İlham Əliyevin Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul etməsi idmançılara göstərilən diqqət və dəstəyin növbəti təzahürü olmaqla yanaşı, ölkədə idmanın inkişafına verilən yüksək önəmin, beynəlxalq arenada qazanılan uğurların dövlət səviyyəsində qiymətləndirilməsinin və gələcək nəslin idmana marağının artırılmasına yönəlmiş siyasətin parlaq təzahürüdür.

Qəbul zamanı cənab Prezidentin qeyd etdiyi fikirlər Azərbaycan idmanın yüksək səviyyədə inkişaf etdiyini, idmançılarımızın beynəlxalq arenalarda uğurlu iştirakı və yüksək nəticələr əldə etməsini, dövlət tərəfindən idmana göstərilən davamlı diqqət və qayğının real bəhrələr verdiyini, eyni zamanda ölkəmizin idman potensialının daha da gücləndirilməsi və gələcəkdə böyük qələbələrin qazanılması üçün geniş imkanların mövcud olduğunu təsdiqlədi. Tirana şəhərində keçirilmiş Avropa çempionatında güləşçilərimizin möhtəşəm çıxışı bir daha göstərdi ki, Azərbaycanda idman inkişafın prioritet istiqamətlərindən biridir. Bu uğur həm keçilən yolun nəticəsi, həm də gələcək qələbələrə aparan yolun ilham mənbəyi olmaqla xalqımızın birliyinin, dövlətimizin gücünün və gənclərimizin potensialının parlaq göstəricisidir.