YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlıq üfüqləri genişlənir

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasət strategiyası dünya ictimaiyyəti tərəfindən təqdir olunan model kimi səciyyələndirilir. Çünki Azərbaycanın beynəlxalq səviyyədə qurduğu bütün əlaqələr bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı maraqların təmin olunması prinsiplərinə söykənir. Mərkəzi Asiya ölkələri ilə qurulan əlaqələrin getdikcə inkişaf etməsi çox mühüm strateji əhəmiyyətə malik siyasətin tərkib hissəsidir. Xüsusən bu regionun açar ölkəsi olan Tacikistanla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi cənab İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biridir.

 Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra hər iki Prezident mətbuata Bəyanatla çıxış ediblər.  Qeyd edilib ki, bir sıra sahələr üzrə imzalanan müqavilə və sənədlər hər iki ölkə arasında yaxşı iqtisadi əlaqələrin, siyasi münasibətlərin göstəricisi hesab edilə bilər.

Ölkəmizin başçısı mətbuata Bəyanatında bildirib ki, “Bu gün nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə, həmçinin təkbətək görüş əsnasında qarşılıqlı fəaliyyətimizlə bağlı məsələlərin geniş spektrini müzakirə etdik, sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq üzrə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair hökumətimizin üzvlərinə konkret tapşırıqlar verdik.”

Tacikistan Prezidentini noyabrda keçiriləcək iqlim konfransında iştiraka dəvət etdiyini və  dəvətin qəbul olunduğunu diqqətə çatdıran ölkə başçısı  bu beynəlxalq tədbirdə Tacikistanın aktiv iştirakını gözlədiyini qeyd edib: “Əminəm ki, tacik dostlarımız bu konfransın uğurla keçirilməsinə və yaxşı nəticələr əldə edilməsinə böyük töhfə verəcəklər.”

İki ölkə arasında Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalandığını bildirən cənab İlham Əliyev  qeyd edib ki, “Bəyannamə qarşılıqlı fəaliyyətin demək olar bütün sahələrini əhatə edir. Bu sənəddə qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub.”

Qeyd edək ki, Azərbaycan-Tacikistan mədəni əlaqələrinin çox qədim tarixi var. Qardaş tacik xalqı böyük Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığı ilə tanışdır və onun əsərləri Tacikistanda həmişə populyar olmuşdur. Azərbaycan - Tacikistan mədəni əlaqələri hər iki respublika müstəqillik əldə etdikdən sonra daha da inkişaf etməyə başlayıb. Bu günlərdə Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin  keçirilməsini  ikitərəfli münasibətlərdə mühüm hadisə adlandıran ölkə başçısı bildirib ki, bu,  Azərbaycan tamaşaçılarına tacik xalqının zəngin mədəniyyəti ilə tanış olmaq imkanı vermişdir.

Həmişə olduğu kimi  Tacikistan Respublikası ilə imzalanan sənədlər Azərbaycanın iqtisadi inkişafında və dövlətlərarası münasibətlərdə mühüm rol oynayacaqdır.