Xəbərlər
“Azərbaycanın müstəqillik dayaqları daha da möhkəmlənib”
Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatı rayon üzrə Təhsil sektorunda 28 May-Müstəqillik Günü münasibətilə tədbir keçirib.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov və digərləri Məhəmməd Əmin Rəsulzadənin əsasını qoyduğu Azərbaycan Xalq Cümhuriyyətinin Türk və İslam dünyasında ilk parlamentli respublika və demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olduğunu deyiblər. Qeyd olunub ki, cəmi 23 ay mövcud olmuş AXC müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib. Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaradıb. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin davamçısı Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycanın müstəqillik dayaqları daha da möhkəmlənib.
Sonda Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş “Bir kərə yüksələn bayraq” adlı intellektual məktəb çempionatının zona turunda ikinci yerə layiq görülən “Nail” komandasına fəxri fərman təqdim olunub.