Xəbərlər
Şəki rayonunda 28 May Müstəqillik Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatı və Şəhi şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 28 May Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov 28 Mayın Müstəqillik Günü kimi tarixi əhəmiyyətini vurğulayaraq, Azərbaycanın müstəqillik əldə etdikdən sonra əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb.
Heydər Əliyev Mərkəzinin əməkdaşı Xuraman Səmədova 20-ci əsrin əvvəllərində Azərbaycan xalqının Şərqdə ilk demokratik respublikanın yaradılmasının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ümummilli Lider Heydər Əliyev tərəfindən qaldırılıb.
Şəki Dövlət Regional Kollecinin direktor müavini Rafiq Səmədov qeyd edib ki, Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və əlamətdar səhifələrdən biridir. 106 il əvvəl demokratik respublika qurmaq məqsədi ilə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti 23 ay ərzində şərəflə fəaliyyət göstərmiş, Azərbaycan xalqının öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirmişdir. O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə Azərbaycanın milli dövlətçilik tarixində silinməz iz qoyub.
Tədbir 28 May Müstəqillik Gününə həsr olunmuş videoçarxın nümayişi ilə yekunlaşıb.