YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlığımızın tarixində yeni səhifə

Məhəmməd Balaqadaşov

YAP Xaçmaz rayon təşkilatının sədri

Azərbaycanın çoxşaxəli uğurlu xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlər xüsusi yer tutur. Xalqlarımızın əsrlərə söykənən tarixi, mədəni, dini bağlılığına əsaslanan bu münasibətlər xüsusilə son dövrlərdə dövlətlərimizin başçılarının siyasi iradəsi ilə daha da genişlənərək inkişaf edir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.

Ölkələrimiz arasında əlaqələrin inkişafında  Prezident İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir. Belə ki, Prezident İlham Əliyev Tacikistana indiyədək altı dəfə səfər edib. Ötən il dövlətlərimiz arasında ali səfərlər baxımından olduqca məhsuldar il olub. Azərbaycan Prezidenti 2023-cü ildə dost ölkədə iki dəfə səfərdə olub. Dövlətimizin başçısı 2023-cü il aprelin 5-6-da Tacikistana dövlət səfəri edib. Ötən ilin sentyabrında isə Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Şurasının Düşənbədə keçirilən iclasında Prezident Emoməli Rəhmonun dəvəti ilə yeganə fəxri qonaq qismində iştirak edib. Tacikistan Prezidenti Emoməli Rəhmon isə ötən il noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olub.

Tacikistan Prezidenti Emoməli Rəhmonun mayın 23-də Azərbaycana növbəti  dövlət səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifənin açılmasında əhəmiyyətli rol oynayacaq. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycanın dövlət başçısının Tacikistanın Prezidenti Emoməli Rəhmon ilə təkbətək və geniş tərkibdə görüşləri keçirildi. Səfər çərçivəsində imzalanan sənədlər ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirəcək. İki ölkə arasında ümumilikdə 70-dən çox sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Xüsusi vurğulamaq lazımdır ki, dövlətimizin başçısının ötən il Tacikistana dövlət səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə dair 14 sənəd imzalanıb.

Tacikistan Prezidentinin budəfəki dövlət səfəri çərçivəsində ayrı-ayrı sahələrdə əlaqlərin inkişafına xidmət edən mühüm sənədlər imzalandı ki, onlarda biri Prezidentlətin imzaladığı “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”dir. Dövlət başçısı İlham Əliyev bu  sənədi belə dəyərləndirdi: “Biz indicə münasibətlərimizin xarakterini, ruhunu, həmçinin xalqlarımızın iradəsini əks etdirən Strateji Tərəfdaşlıq Bəyannaməsini imzaladıq. Bəyannamə qarşılıqlı fəaliyyətin demək olar bütün sahələrini əhatə edir. Bu sənəddə qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub. Bu gün iqtisadi əməkdaşlıq məsələlərini ətraflı müzakirə etdik. Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, daha 13 sənəd, ümumilikdə 14 sənəd imzalanıb ki, onlardan bəziləri burada, bəziləri isə əvvəllər imzalanıb. Bu, münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir.”

Cənab İlham Əliyev mətbuata bəyanatında onu da bildirdi ki, qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb. Səfərdə ölkələrimizin nümayəndə heyətlərinin tərkibi də geniş gündəmdən xəbər verir. Amma, əlbəttə, əsas olan münasibətlərimizdəki səmimiyyət, Tacikistanla Azərbaycan arasındakı münasibətlərin dostluq, qardaşlıq xarakteri, dövlət başçılarının şəxsi təmaslarıdır: “Keçən il mən Tacikistanda iki dəfə - həm dövlət səfərində oldum, həm də Emoməli Şaripoviç məni Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə fəxri qonaq qismində dəvət etdi. Həmçinin ötən il biz BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının - SPECA-nın Sammitini keçirdik və Emoməli Şaripoviç ölkəmizə səfər etdi. Yəni, bizim Tacikistan və Azərbaycanda müntəzəm təmaslarımız, - hələ beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşləri demirəm, - əlbəttə ki, qarşılıqlı fəaliyyətimizin ən mühüm amilidir, münasibətlərin konkret olaraq zənginləşməsi üçün bütün sahələrə güclü təkan verir.”

Tacikistan Prezidenti mətbuata bəyanatında bu fikirləri böyük qürur hissi ilə bildirdi ki, bu gün biz dövlətlərarası münasibətlərimizin səviyyəsini strateji tərəfdaşlığa yüksəldən tarixi qərar qəbul etmişik. Bu qərar şübhəsiz ki, əməkdaşlığımızın tarixində yeni səhifə açır.

Hər bir səfər əlaqələrin inkişafında əhəmiyyətli rola malikdir. Keçirilən görüşlərdə gündəmə gətirilən məsələlər hər bir ölkənin malik olduğu imkanların, təcrübənin təqdimatında öz sözünü deyir. Azərbaycan və Tacikistan daim ədalətin və beynəlxalq hüququn yanındadır. Bu amil öz növbəsində əlaqələrimizin inkişafına öz müsbət təsirini göstərir. Keçirilən görüşlərdə, mətbuata birgə bəyanatda keçilən yolun və qarşıda dayanan vəzifələrin, müəyyənləşdirilən hədəflərin təhlili əsasında ümumi fikir bu oldu ki, Tacikistan-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərinə nikbin baxırıq.