YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlaqələr hazırda strateji tərəfdaşlıq səviyyəsindədir

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri                                    

Azərbaycan Respublikası ilə Belarusiya Respublikası arasında bütün dövrlərdə formalaşmış əlverişli əməkdaşlıq mühiti son illərdə daha da möhkəmlənərək, yüksək səviyyəyə çatmışdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən sürətlə inkişaf etdirilən qarşılıqlı əlaqələr hazırda strateji tərəfdaşlıq səviyyəsindədir. Bu əlaqələrin formalaşmasında və inkişafında dövlət başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır. Bu baxımdan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun cari ilin 16 may tarixində Azərbaycana etdiyi dövlət səfəri, səfər çərçivəsində dövlət başçılarının təkbətək və geniş tərkibdə görüşləri, imzalanan sənədlər, səsləndirdikləri bəyanatlar ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına əlverişli imkanlar yaradır.

Prezident İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşdə bildirdiyi kimi, ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk: “Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur”. Cənab Prezident xüsusi olaraq vurğulayıb ki, çox uzaq olmayan gələcəkdə Belarus-Azərbaycan münasibətlərinin yeni perspektivləri görünəcək, yeni müəssisələr və iş yerləri açılacaq, əməkdaşlığın yeni istiqamətləri müəyyənləşəcək. Dövlət başçısı Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etdiyini bildirdi və qeyd etdi ki, bu istiqamətdə həyata keçiriləcək işlərin miqyası çox genişdir və əhatəlidir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərində belaruslu mütəxəssislərin iştirakını məmnunluqla vurğulayan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko bildirdi ki, əgər həmin torpaqların dirçəldilməsi üzrə bu böyük prosesdə bizə yer tapılarsa, onda bu yükün altına girməyə hazırıq.

Qeyd olundu ki, Belarusun zəngin şəhərsalma təcrübəsinin, müasir texnologiyalarının, aqroşəhərciklərin tikintisi təcrübəsinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tətbiqi çox yüksək səmərə verə bilər. Bu baxımdan Belarus da azad edilmiş torpaqlarımızda yeni həyatın başlanmasına, iqtisadi dirçəlişə töhfələr vermək niyyətindədir. Prezident Lukaşenko ölkəmizi Qafqaz regionunun sülh təminatçısı kimi göstərməklə yanaşı bu sülh quruculuğunun öz regionlarında da tətbiq edilməsinin məqsədəuyğun olmasını vacib qeyd etmişdir. Ümumiyyətlə, Azərbaycan-Belarus münasibətlərinin inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə əməkdaşlığın, sülhün və təhlükəsizliyin təmin olunması baxımından böyük önəm daşıyır.

Qürur hissi ilə deyə bilərik ki, Prezident İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində Azərbaycan bu gün sivil, müasir demokratik prinsiplərə əsaslanan və ən qüdrətli dövlətlərdən birinə çevrilmiş, ölkəmizdə siyasi sabitlik ən yüksək səviyyədə təmin olunmuş, eyni zamanda xarici dövlətlərlə olan dostluq və tərəfdaşlıq münasibətlərimiz daha da möhkəmlənmişdir.

Prezident Aleksandr Lukaşenkonun mətbuata verdiyi bəyanatında - Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik, - deməsi bunun bariz nümunəsidir.