Xəbərlər
Strateji əməkdaşlıq, qarşılıqlı etimad
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Belarus-Azərbaycan münasibətləri strateji səviyyəyə çatıb
Mayın 16-da Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəmizə tarixi səfər edib. Belarus Azərbaycanın haqq işinə dəstək verən dövlətlərdən olub. İki ölkə arasında möhkəm strateji əməkdaşlıq formalaşıb.
Azərbaycan-Belarus münasibətlərinin yüksək səviyyəsini və qarşılıqlı əlaqələrin sıxlığını, hər şeydən öncə dövlət başçılarının səmimi dostluq münasibətləri şərtləndirir. Onlar arasında qarşılıqlı etimad mövcuddur. Son iki ildə ölkələr arasında ticarət dövriyyəsində xüsusi dəyişiklik baş verməsə də, 2020-ci illə müqayisədə ötən il dövriyyə 13 faizə yaxın artaraq 356,5 milyon dollar olub. 2022-ci ildə bu rəqəm 363,6 milyon dollar idi. Hədəf ticarət dövriyyəsini yaxın illərdə 1 milyard dollara çatdırmaqdır.
2023-cü ildə iki ölkə arasında 741 adda (kodlu) mal idxal və ixrac olunub. Belarusdan aldıqlarımıza gəldikdə isə, 89,4 milyon dollarlıq meşə materialları, şam ağacı, 20,4 milyon dollarlıq mühərrik benzinləri, 16,1 milyon dollar dəyərində sərnişin vaqonları, baqaj və poçt vaqonları, 13,1 milyon dollarlıq kənd təsərrüfatı işləri üçün təkərli traktorlar, 11,6 milyon dollar dəyərində kartof, 10,7 milyon dollarlıq ağac plitələr almışıq. Həmçinin bu dost ölkədən 10,1 milyon dollarlıq dəmiryol və tramvay sərnişin və yük vaqonları, açıq platformalar, 8,7 milyon dollarlıq ağac fanerləri, 8,5 milyon dollar dəyərində ağ şam ağacından və ya küknardan uzununa doğranmış meşə materialları, 7,1 milyon dollarlıq kənd təsərrüfatı işləri üçün təkərli traktorlar (təkoxlu traktorlar istisna olmaqla) və meşə təsərrüfatı üçün təkərli traktorlar, 6,2 milyon dollarlıq dərman vasitələri, 5,4 milyon dollarlıq kərə yağı, 5,4 milyon dollarlıq ağacdan orta sıxlığı olan, 9 mm-dən çox olan qalınlıqda ağaclifli plitələr və s. mallar almışıq.
Belə ki, ötən il Azərbaycan Belarusa 5,6 milyon dollarlıq ilkin formalı propilen sopolimerləri, 3,7 milyon dollarlıq elektrik naqilləri, 1,8 milyon dollarlıq reaktiv mühərriklər üçün kerosin yanacağı, 1,6 milyon dollarlıq xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen, 1,4 milyon dollarlıq ev toyuqlarının hissələrə ayrılmış əti, 1,4 milyon dollarlıq konservləşdirilmiş qoz və fındıqlar, 1,3 milyon dollar dəyərində spirtli içkilər və digər məhsullar göndərib.
Bütün bunlarla yanaşı, ölkələr arasında ticarət dövriyyəsinin artırılması potensialı kifayət qədər yüksəkdir. Belarus Prezidentinin son səfəri tərəflər arasında iqtisadi və strateji əlaqələrin daha da güclənməsinə töhfə verəcək.
Belarusun zəngin şəhərsalma təcrübəsinin, müasir texnologiyalarının, aqroşəhərciklərin tikintisi təcrübəsinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tətbiqi çox yüksək səmərə verə bilər. Bununla yanaşı, dövlət başçılarının istər təkbətək, istərsə də geniş tərkibdə keçirdikləri görüşlərin gedişində hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri və ümumiyyətlə, ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq bir çox məsələlər geniş şəkildə müzakirə olunub. Əldə edilən razılıqlar və imzalanan sənədlər Azərbaycan-Belarus münasibətlərinin bundan sonra daha da yüksək dinamika ilə inkişaf edəcəyini söyləməyə tam əsas verir.
İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın tarixi Qələbəsi və işğal edilmiş ərazilərin geri qaytarılması bir çox dövlətlərin ölkəmizə marağını daha da artırıb. Belə ki, Belarus Prezidenti Aleksandr Lukaşenko da ölkəsinin post-konflikt zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası prosesində iştirak etməsini dəstəkləyir. Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar var, rəsmi Minsk bu sahədə əhəmiyyətli rol oynaya bilər. Belə ki, bu ölkənin ÜDM-nin təxminən 6,78%-ni, ümumi ixracatın isə 20%-ni kənd təsərrüfatı təmin edir.
Bu gün Azərbaycan və Belarus respublikaları münasibətlərini inkişaf etdirən və qarşılıqlı əməkdaşlıqlarını genişləndirən zaman öz milli maraqlarından çıxış etməklə yanaşı, qarşılıqlı şəkildə biri-birilərinin də maraqlarına böyük həssaslıqla yanaşırlar. Bu da müasir beynəlxalq münasibətlər sistemində çox nadir müşahidə olunan bir nümunədir.