YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Zaman və şəxsiyyət”

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı Daşkəsən Rayon İcra Hakimiyyəti ilə birgə “Zaman və şəxsiyyət” mövzusunda tədbir keçirib. 

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin iclas zalında keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Daşkəsən RİH başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov, Azərbaycan Dövlət Aqrar Universitetinin siyasi elmlər kafedrasının müdiri Azad Bayramov bildiriblər ki, fəaliyyətinin bütün mərhələlərində Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasının ali məqsədi Azərbaycan xalqına sədaqətlə xidmət etməkdən və müstəqil dövlət qurmağa nail olmaqdan ibarət olub: “Bu düşünülmüş əqidə, ümummilli mövqe və müstəqil dövlətçilik strategiyası Heydər Əliyev tərəfindən siyasi ustalıqla həyata keçirilib. Azərbaycan xalqının əsrlər boyu formalaşmış yüksək mənəvi dəyərlərini qoruyaraq onun genetik yaddaşını, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya ötən əsrdə məhz Ümummilli Liderin üzərinə düşüb. O, özünə qədər Azərbaycana rəhbərlik etmiş bir çox siyasi xadimin edə bilmədiklərini gerçəkləşdirib, işıqlı əməlləri, yorulmaz fəaliyyəti ilə ən yeni tariximizin parlaq səhifələrini yaradıb. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın böyük və heyrətamiz inkişaf yolunda inamla irəliləməsini şərtləndirdi”.

Sonda fəal Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə partiya üzvlərinə fəxri fərman, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.