Xəbərlər
Növbəti strateji tərəfdaşımız
David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri
Slovakiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 1993-cü ilin noyabr ayında qurulub. Qeyd olunmalıdır ki, ölkələrimiz arasında ikitərəfli münasibətlərin genişlənməsində Prezident İlham Əliyevin Slovakiya Respublikasına 2004-cü ilin mart ayında etdiyi işgüzar səfəri böyük rol oynayıb. Bu ilin 7 may tarixində Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri isə ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ilə əlamətdar oldu. Təsadüfi deyil ki, Ölkə Prezidenti İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında bu səfərin böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulamışdır. Ən mühüm məqamlardan biri budur ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Slovakiyanın Baş naziri Robert Fitsonun iştirakı ilə “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” imzalanmışdır. Dövlət başçımızın dediyi kimi, bu, çox ciddi siyasi sənəddir və ölkələrimiz arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr hər iki ölkə rəhbərlərinin niyyətini əks etdirir və eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir.
Strateji tərəfdaşlıq Bəyannaməsindən başqa Azərbaycan və Slovakiya arasında “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” kimi daha iki mühüm sənəd də imzalanmışdır. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılmış və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara start verilmişdir.
Təbii ki, Slovakiya-Azərbaycan əməkdaşlıq əlaqələrinin əsas istiqaməti energetika sahəsidir. Öz çıxışında Prezident İlham Əliyev bildirdi ki, Slovakiya Azərbaycan qazını alan doqquzuncu ölkə ola bilər. Bunun üçün hazırda yaxşı imkanlar mövcuddur. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir.
Dövlət başçımız bu məqamı da xüsusi vurğuladı ki, Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar. Bu isə, öz növbəsində ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi və möhkəmləndirilməsi üçün son dərəcə əlverişli zəmin yaradır.