Xəbərlər
Əlaqələrin tarixində əlamətdar gün

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. Təkcə son günlərdə qarşılıqlı səfərlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitso ölkımizdə səfərdə oldu. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında səfəri Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün kimi dəyərləndirdi. Vurğuladı ki, Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır. Səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu, çox ciddi siyasi və əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir.
İki ölkənin siyasi əlaqələri yüksək səviyyədədir. Hər bir səfərin əhəmiyyətini təsdiqləyən mühüm məqamlardan biri sənədlərin imzalanmasıdır. Slovakiyanın Baş nazirinin bu səfəri çərçivəsində də mühüm sənədlər imzalandı. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələrin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Cənab İlham Əliyev mətbuata bəyanatında onu da qeyd etdi ki, imzalanan sənədlər arasında müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər də var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında artıq konkret danışıqlara da start verilmişdir.
İstər Prezidentlərin görüşlərində, istərsə də mətbuata bəyanatlarında diqqət göstərilən sahələrdən biri enerji oldu. Bu reallıq qeyd edildi ki, Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ola bilsin ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanmışdır və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır. Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir. Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlamışdır. Eyni zamanda, genişmiqyaslı yaşıl gündəliyimiz də icra edilir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması qaza qənaət etmək imkanı yaradacaqdır və bu qənaət olunmuş qazın əsas ünvanı Avropa olacaq.
Avropa dövlətləri ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətində əsas yer tutur. Son illərdə enerji sektorunda atılan addımlara diqqət yetirmək kifayətdir. 2022-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Bu, mühüm sənəd ölkəmizlə Avropa İttifaqı, həmçinin quruma üzv dövlətlər arasında əlaqələrin hazırkı səviyyəsinə aydınlıq gətirdi.
Mayın 8-də Bolqarıstan Prezidenti Rumen Radevin ölkəmizə rəsmi səfəri çərçivəsində müzakirə olunan məsələlər sırasında Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr oldu. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası dünyanın enerji xəritəsinə yeni əlavələr gətirir. Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycanın enerji diplomatiyasının uğurları biri-birini əvəzlədikcə dünyanın enerji xəritəsi yenidən çızılır. Bu, ölkəmizin etibarlı tərəfdaşkimi artan rolunun, onun iştirakı olmadan regionda hansısa iqtisadi layihənin həyata keçirilməsinin mümkünsüzlüyünün təsdiqidir. Hazırda enerji təhlükəsizliyi məsələsi əvvəlki dövrlərdən daha artıq önəm kəsb edir. Azərbaycanın bu istiqamətdə rolu yüksək dəyərləndirilir. Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan ölkə olduğu Avropa İttifaqı rəsmiləri tərəfindən daim etiraf edilir.
Hazırkı dövrün əsas çağırışlarından biri yaşıl enerji sahəsində əməkdaşlıqdır. Cənab İlham Əliyev qeyd etdi ki, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla bu istiqamətdə çox fəal iş aparır. Bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq. Beləliklə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir və bu barədə, eyni zamanda, ilin sonunda COP29 konfransında da danışacağıq.
Əməkdaşlıqda önəmli istiqamətlərdən biri də nəqliyyatla bağlıdır. Prezidentlərin görüşündə bu sahəyə də diqqət yönəldildi. Bildirildi ki, Azərbaycanın sərmayəsi sayəsində bir neçə gün bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi tam başa çatmışdır. Onun ötürmə qabiliyyəti bir neçə dəfə artırılmışdır. Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş bu layihə Orta Dəhlizin önəmli seqmenti kimi təbii ki, mühüm rol oynayacaq. Dövlətimizin başçısı belə bir əminliyi ifadə etdi ki, həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək.