Xəbərlər
Yeni bir mərhələnin başlanğıcı
Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri
Slovakiya Respublikasının baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri tarixi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevlə ölkəmizdə səfərdə olan Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun mətbuata verdiyi bəyanatında bir çox vacib məsələlərə dair fikirlər səslənib. Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar hadisələrin yaşandığı vurğulanıb.
Eyni zamanda iki ölkə arasında əlaqələrdə yeni səhifənin açıldığı qeyd olunub. Slovakiyanın baş nazirinin ölkəmizə səfəri çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması əlaqələrin bundan sonrakı dövr inkişafında daha böyük hədəflərin olduğunu göstərir. Slovakiya Azərbaycanın müstəqilliyini 24 yanvar 1992-ci ildə tanıyıb. Dövlətlər arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulub.
Slovakiyanın Azərbaycandakı səfirliyi 1 oktyabr 2019-cu ildə, Azərbaycanın isə Slovakiyada (Bratislava şəhərində) səfirliyi 28 iyul 2023-cü ildən fəaliyyət göstərir. Sözsüz ki, ikitərəfli münasibətlərin genişlənməsində Prezident İlham Əliyevin Slovakiyaya səfəri mühüm əhəmiyyət kəsb edib. 18 mart 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Respublikasına işgüzar səfərdə olub. Məhz bu uğurlu əlaqələrin nəticəsi olaraq Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir. Bu şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsində yer alıb.
Azərbaycan-Slovakiya arasında strateji tərəfdaşlıq Bəyannamə ölkələr arasında gələcək əməkdaşlığın perspektivlərini müəyyən edir. Azərbaycanla Slovakiya arasında siyasi əlaqələr yüksək səviyyədədir. Məhz bu səfərdə də bir çox sahələr üzrə aparılacaq işlərlə bağlı önəmli razılaşmalar əldə edilib.
Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac etdiyi 9-cu ölkənin Slovakiyanın olacağı ilə bağlı danışıqların aparıldığı qeyd olunub. Eyni zamanda, Azərbaycanın genişmiqyaslı yaşıl gündəliyi də icra edilir. Bütün bunların fonunda Azərbaycanla Slovakiya arasında münasibətlərdə yeni bir mərhələnin başlanıldığı müşahidə edilir.
İşğaldan azad edilmiş Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra olunacaq. Təbii ki, bu böyük rəmzi məna daşıyır. Azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər yer alacaq.