YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizin potensialı kifayət qədər genişdir

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Azərbaycan-Bolqarıstan əlaqələrinin zəngin tarixi mövcuddur. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub və münasibətlər hər zaman yüksək səviyyədə olub. Mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin ölkəmizə növbəti rəsmi səfəri iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının əsas göstəricilərindəndir. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev yüksək səviyyəli Azərbaycan-Bolqarıstan əlaqələrindən bəhs edərək ölkələrimiz arasında səmərəli siyasi dialoqun mövcud olduğunu qeyd etdi. İki ölkə arasında fəal siyasi dialoqun mövcudluğu imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələr genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin. Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində ölkələrimizin əlaqələri sürətlə və uğurla inkişaf edib. Son vaxtlar Azərbaycan və Bolqarıstan arasında  ticarət dövriyyəsi bir neçə dəfə artmışdır ki, bunun da əsas səbəbi enerji sektorundakı əməkdaşlıqdır. Hazırda bu əməkdaşlığın səviyyəsi və perspektivləri də çox müsbətdir.

 Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev onu da diqqətə çatdırdı ki, təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Aparılmış hesablamalar onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Hazırda Bolqarıstan qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilib və Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir ki, gələcəkdə bu ölkələrin sayı daha da artacaq.

Azərbaycan-Bolqarıstan əməkdaşlığın əsas məqsədi daha yaxşı nəticələri əldə etməkdir. Bu ticarət dövriyyəsinin artımında, eyni zamanda, energetika sahəsindəki əməkdaşlıqda özünü göstərir. Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi istiqamətdə çox fəal iş aparır. Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin ölkəmizə rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında həmçinin vurğuladı ki, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Bu sahədə ölkəmizin potensialı kifayət qədər genişdir. Azərbaycanla Bolqarıstan arasında önəmli əməkdaşlıq istiqamətlərindən biri də nəqliyyat sahəsidir. Məlum olduğu kimi, ölkəmizin sərmayəsi sayəsində artıq Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi tam başa çatmış və dəmir yolunun ötürmə qabiliyyəti bir neçə dəfə artırılmışdır. Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş bu layihə Orta Dəhlizin önəmli seqmenti kimi təbii ki, mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması Azərbaycan-Bolqarıstan münasibətlərini daha da gücləndirəcək.