YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlaqələrimizin böyük perspektivləri var

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon təşkilatının sədri

Azərbaycan Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlər üçün önəmli tərəfdaşdır. Təbii ki, ölkəmizin bu mövqeyi qazanmasında xarici siyasətinin dəyişməz prinsipləri, qətiyyətli siyasəti əhəmiyyətli rol oynayır. Azərbaycan xarici siyasətində qonşu ölkələrlə, türk dünyası və Avropa dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verərək bu əlaqələri bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipləri əsasında inkişaf etdirir.

Mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitso ölkəmizdə səfərdə oldu. “Bu gün Slovakiya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür” söyləyən cənab İlham Əliyev vurğuladı ki, səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalandı. Bu, çox ciddi siyasi və  əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir. Dövlətimizin başçısı belə bir əminliyi də ifadə etdi ki,  bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır və  müştərək yolumuz çox uğurlu olacaq.

Əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək. Cənab İlham Əliyev mətbuata bəyanatında bu mühüm məqama da xüsusi diqqət yönəltdi ki, bu gün müzakirə edilmiş gündəlik kifayət qədər geniş oldu. Bu səfər dövlət başçısı İlham Əliyevin  Slovakiyanın  Baş naziri ilə birinci şəxsi tanışlığı idi.

Slovakiya və Azərbaycan bu gün suverenlik, ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar. Cənab İlham Əliyev bildirdi: “Mən cənab Baş naziri yenidən Baş nazir vəzifəsinə seçilməsi münasibətilə təbrik etdim və bildirdim ki, bu, onun fəaliyyətinə Slovakiya xalqı tərəfindən verilən böyük qiymətdir. Cənab Fitso birinci dəfə deyil ki, Baş nazir seçilib və onun yenidən seçilməsi Slovakiya xalqının müstəqilliyə, suverenliyə, milli ləyaqətə göstərdiyi münasibətin, hörmətin əlamətidir və bu seçim Slovakiya xalqının dostları kimi bizi də həddindən artıq sevindirir. Deyə bilərəm ki, cənab Fitso Baş nazir vəzifəsində yenidən fəaliyyətə başlamasından dərhal sonra konkret addımlar da atılmışdır, yüksəkvəzifəli şəxslər Slovakiyadan Azərbaycana və Azərbaycandan Slovakiyaya səfərlər etmişlər və bu gün biz hörmətli qonağımızı qəbul edirik.”

Prezident İlham Əliyev mayın 8-də ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radev ilə görüşlərində də bu səfərlərin əhəmiyyətindən bəhs etdi. Görüşlərin  müntəzəm xarakter daşıdığını qeyd edən cənab İlham Əliyev bildirdi ki, keçən il həm Prezident Radev Azərbaycana, həm də dövlətimizin başçısı  Bolqarıstana səfərlər etmişdi. Eyni zamanda, keçən il Prezidentlər  Bolqarıstan-Serbiya sərhədində görüşmüşdülər. Fəal siyasi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələr genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin.

Səfər çərçivəsində bu gün Bolqarıstan-Azərbaycan əlaqələrinin geniş spektri müzakirə edildi və gələcək addımlar haqqında fikir mübadiləsi aparıldı.  İki ölkə arasında son vaxtlar ticarət dövriyyəsi bir neçə dəfə artıb. Bunun əsas səbəbi təbii ki, enerji sektorundakı əməkdaşlıqdır. Bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir. Təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir.  2022-ci ildə isə  bu rəqəm cəmi 600 milyon kubmetr idi. Hesablamalar onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Bu gün Azərbaycan Panavropa qaz təchizatçısı kimi fəaliyyətini Avropa məkanında genişləndirir və enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz dəstəyini əsirgəmir.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirən xeyli sayda faktlar sadalamaq olar. İkitərəfli əlaqələrin inkişafı ölkəmizin hər sahədə böyük potensiala malik olduğunu təsdiqləyir.  Bu gün inkişafda olan Azərbaycan-Slovakiya, Azərbaycan-Bolqarıstan  əlaqələrinin böyük perspektivləri var.