YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xaçmaz rayonunda Ümummilli Liderin 101-ci ildönümü qeyd edilib

Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatında müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib.

YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balqadaşov çıxışında bildirib ki, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ümummilli Lider doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı. Bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısı alındı. Azərbaycan yenidən quruldu.  Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər xalqımızın böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir. Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab İlham Əliyev Azərbaycanı ən yüksək zirvələri fəth etdirir, Zəfərdən zəfərə aparır. Bu gün işğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır. Qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Azərbaycanın müstəqilliyini daimi, Onun layiqli davamçısı, Prezident İlham Əliyev ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdi.

YAP İdarə Heyətinin üzvü Elnur Sadıqov “Böyük şəxsiyyətləri tarix yetişdirir”  mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı  milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir. İstər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşıbda Ümummilli Lider  müstəqil dövlətin simvolu kimi qalmışdır və qalacaq.

Tədbirdə çıxış edən Elçin İbrahimov və başqaları Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələrini danışıblar.

Sonda partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsi təqdim edilib.