Xəbərlər
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”
Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” mövzusunda tədbir keçirib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, partiya veteranı Oktay Kərimov, Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova və partiya fəalı Elvira Bağırovanın çıxışlarında tarixi şəxsiyyət, görkəmli siyasətçi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin xalq və dövlət qarşısında misilsiz xidmətlərindən danışılıb. Qeyd olunub ki, Ulu Öndərin müstəqillik illərində ölkəmizə rəhbərliyi Azərbaycan xalqının tarixi yaddaşına sabitlik və inkişaf mərhələsi kimi həkk olunub. Ulu Öndər bütün həyatını Azərbaycanın inkişafına həsr edib və Onun zəngin irsi bugünkü uğurlarımızı şərtləndirir. Vurğulanıb ki, Ümummilli Lider Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılmasında və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb. Ümummilli Liderimizin ideya və prinsiplərinə sadiq qalan Prezident İlham Əliyevin Ulu Öndərin siyasətini uğurla davam etdirməsi nəticəsində həmvətənlərimizin birlik və həmrəyliyi daha da möhkəmlənib, Azərbaycan tarixi uğurlara imza atmaqdadır.
Tədbir Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala nümayəndəliyinin və Neftçala rayon Uşaq-İncəsənət Məktəbinin hazırladığı konsert proqramı ilə davam edib.
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-cü ildönümü münasibətilə gənc rəssamlar tərəfindən tədbirin gedişində ərsəyə gətirilən rəsm əsərlərinə baxış keçirilib.