Xəbərlər
Qarşılıqlı əlaqələrin yüksələn xətlə inkişafının göstəricisi
“Uğurlu xarici siyasət, ölkəmizin dinamik inkişafı, regional və qlobal əməkdaşlığa davamlı töhfələr verməsi Azərbaycana bütün dünyada böyük nüfuz qazandırıb. O cümlədən respublikamızla Avropa İttifaqı məkanına daxil olan ölkələr arasında münasibətlər keyfiyyətcə yeni məzmun kəsb etməyə başlayıb. Mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri də bu baxımdan xüsusi vurğulanmalıdır”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycanla Avropanın ayrı-ayrı dövlətləri arasında ikitərəfli siyasi dialoq və tərəfdaşlıq münasibətləri davamlı olaraq inkişaf edir. Eyni zamanda, ikitərəfli iqtisadi əlaqələr də qənaətbəxşdir. İndiyədək Azərbaycanla Aİ üzvü olan 9 dövlət arasında strateji tərəfdaşlıq haqqında sazişlər imzalanıb. Respublikamız Avropa İttifaqının Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Qurumun region ölkələri ilə ticarət dövriyyəsinin 2/3-si Azərbaycanın payına düşür.
Millət vəkilinin sözlərinə görə, Slovakiyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri, səfər zamanı müzakirə olunan məsələlər və imzalanan sənədlər daha bir Avropa ölkəsi ilə əlaqələrimizin inkişafının göstəricisidir. Prezident İlham Əliyevin dediyi kimi, Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır və bizim müştərək yolumuz çox uğurlu olacaq. Səfər zamanı ölkələrimiz arasında imzalanmış Strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə çox mühüm siyasi sənəddir və qarşılıqlı əlaqələri yüksək səviyyəyə qaldıracaq. Bu sənəd Azərbaycan-Slovakiya gələcək əməkdaşlığının perspektivlərini də müəyyən edir. İmzalanan sazişlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu da gələcək münasibətlərdə vacib amil kimi dəyərləndirilə bilər.
Nəzərə almaq lazımdır ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu məsələ də Slovakiya Baş nazirinin ölkəmizə səfəri zamanı diqqət mərkəzində oldu. Məlumdur ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində memorandum imzalanıb. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Ölkəmizin hədəfində 2027-ci ilin sonuna qədər Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi də dayanır. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir. 9-cu ölkə isə Slovakiya ola bilər. Dövlət başçısının dediyi kimi, keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanıb və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılıb.
Sevinc Fətəliyeva qeyd edib ki, Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası işinə qoşulması dost münasibətdir. Belə ki, Ağdam rayonunun Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra olunacaq. Bu fakt həm böyük rəmzi məna daşıyır, həm də qarşılıqlı əlaqələrimizin yüksələn xətlə inkişafının göstəricisidir.