Xəbərlər
İmişlidə rus icmasının nümayəndələri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatı və İmişli rayon Ağsaqqallar Şurasının birgə təşkilatçlığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Heydər Əliyev və tolerantlıq” adlı tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi böyük ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən diqqətdə saxlanılan millətlərarası münasibətlərdən bəhs edib, ölkəmizdə tolerantlıq, multikulturalizm ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən danışıb.
Çıxış edən İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov bildirib ki, ölkəmizdə azərbaycanlılarla birgə yaşayan digər millətlərin, o cümlədən rusların da milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə böyük qayğı göstərilir.
İmişli RİH başçısının birinci müavini Mirzə Quliyev qeyd edib ki, Azərbaycanda tolerantlığın bərqərar olunmasında Ümummilli Lider Heydər Əliyevin xidmətləri misilsizdir və hazırda bu siyasət dövlətimizin başçısı tərəfindən davam etdirilir.
Azərbaycan Rus İcması sədrinin birinci müavini, YAP Gənclər Birliyinin üzvü Anastasiya Lavrina tolerantlığı ilə bütün dünyada tanınan Azərbaycanda yaşayan ruslar üçün hər cür şəraitin yaradıldığını, azərbaycanlılarla bərabər rusların da ölkənin ictimai-siyasi, sosial və mədəni həyatında fəal iştirak etdiyini, dərin köklərə bağlı Azərbaycan-Rusiya dostluğunun bu gün də uğurla davam etdirildiyini bildirib.
Digər çıxış edən icma üzvləri hər cür qayğı ilə əhatə olunduqlarını vurğuladılar. Onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər.
Tədbirin sonunda rus icmasının nümayəndələrinə bayram sovqatı hədiyyə olunub.