Xəbərlər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbirdə iştirak etmişdir
Mayın 29-da Heydər Əliyev Fondu tərəfindən Bakıdakı 1 nömrəli uşaq evinin Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən istirahət düşərgəsində 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak etmişlər.
Uşaqlarla görüşən Leyla Əliyeva və Arzu Əliyeva onlarla çay süfrəsi arxasında söhbət etmişlər.
Uşaq hüquqlarının təmin edilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin uğurla reallaşdırılmasına Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hərtərəfli dəstək verir. Ulu Öndərin adını daşıyan Fond yarandığı ilk gündən valideyn himayəsindən məhrum olan, dövlət müəssisələrində tərbiyə edilən uşaqların taleyini diqqət mərkəzində saxlayır. Paytaxtımızın Nizami rayonundakı 1 nömrəli uşaq evinin Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki düşərgəsinin açılışı da Fondun uşaqlarla bağlı reallaşdırdığı layihələr silsiləsinə daxildir.
Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev Fondun uşaqlarla bağlı həyata keçirdiyi layihələrdən söz açmışdır. Bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva uşaqların hər cür qayğı ilə əhatə olunması, onların müasir vətəndaş kimi yetişməsi məsələlərinə xüsusi diqqət yetirirlər.
Qeyd edilmişdir ki, Bakıdakı 1 nömrəli uşaq evinin Şüvəlanda yerləşən istirahət düşərgəsində reallaşdırılan bu tədbir Heydər Əliyev Fondunun 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə keçirdiyi silsilə tədbirlər çərçivəsində və düşərgə mövsümünün açılışı ilə əlaqədar baş tutmuşdur.
Mərasimdə, həmçinin Rusiya Federasiyasının Həştərxan vilayətindən, Bosniya və Herseqovinadan və Pakistandan da qonaqlar iştirak etmişlər.
Bayram şənliyində istedadlarını göstərən uşaqlar əylənmiş, rəqs etmiş, şeir söyləmişlər.
Xarici ölkələrdən olan qonaqlar bu mərasimdə onların iştirakına yaradılan şəraitə görə Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildirmişlər. Onlar azərbaycanlı uşaqlarla gələcək dostluqlarının möhkəm təməl üzərində qurulacağına əminlik ifadə etmişlər.
Mərasimdə Rusiya Federasiyasının Həştərxan vilayətinin uşaqları adından Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya fotoalbom hədiyyə edilmişdir.
Bakıdakı 1 nömrəli uşaq evinin Şüvəlanda yerləşən istirahət düşərgəsində 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir işləri aparılmış, həyətyanı sahə abadlaşdırılmışdır. Burada yeni, müasir stadion inşa edilmiş, hovuz yenidən qurulmuş, uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün gözəl şərait yaradılmışdır. Hazırda düşərgədə 120 uşaq istirahət edir.
Mərasimin sonunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva uşaqlarla xatirə şəkli çəkdirmişlər.
Uşaqlara Heydər Əliyev Fondunun bayram hədiyyələri təqdim edilmişdir.