Xəbərlər
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə taktiki təlimləri keçiriləcək
Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı - 2015” taktiki təlimləri keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, avqustun 22-dən başlayacaq təlimlərə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi, o cümlədən “MiQ-29”, “F-16” qırıcı, “Su-25” hücum, “F-4E” bombardmançı, “C-130 Herkules” hərbi-nəqliyyat təyyarələri, “Mi-35” döyüş, “Mi-17” və “Sikorski UH-60” döyüş-nəqliyyat, “Cougar AS532” axtarış-xilasetmə helikopterləri cəlb olunacaq.
Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, o cümlədən havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək.
Təlimlər sentyabrın 18-dək davam edəcək.