YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səmərəli və qarşılıqlı əməkdaşlıq inkişaf etməkdədir

Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizin beynəlxalq aləmdə nüfuzunu, çəkisini daha da artırır, yeni uğurlara yol açır. Bütün sahələrdə əldə edilən nailiyyətlər, gündən-günə genişlənən beynəlxalq əlaqələr kifayət qədər önəmli hadisələrlə yadda qalır. Siyasi dialoqa hər zaman çox önəm verən, regionda və dünyada sülhün tərəfdarı olan ölkəmizin dünya dövlətləri ilə səmərəli və qarşılıqlı əməkdaşlığı inkişaf etməkdə davam edir.

Son dövrlərdə istər cənab Prezidentin xarici ölkələrə işgüzar və rəsmi səfərləri, istərsə də digər dövlətlərin dövlət və hökumət başçılarının Bakıya rəsmi səfərləri Azərbaycanın xarici dövlətləri ilə yüksələn xətt üzrə inkişaf edən münasibətlərinin və yaxın əlaqələrinin göstəricisidir. Aprel ayının 4-də ölkəmizə daha bir dövlət başçısının səfəri baş tutmuş, Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.
Ölkələr arasında ikitərəfli qarşılıqlı münasibətlərin formalaşmasında və inkişaf etməsində rəsmi səfərlərin, xüsusən dövlət başçıları səviyyəsində həyata keçirilən səfərlərin rolu çox böyükdür. Prezident Deni Sassu-Nqesso səfəri diplomatik əlaqələr tarixi boyunca Konqo Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Əslində bu həm Konqo, həm bizim dövlətimiz üçün tarixi hadisədir. Ona görə, şübhəmiz yoxdur ki, cari səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq.
Cari səfər zamanı mətbuata birgə açıqlama verən dövlət başçıları qarşılıqlı əməkdaşlıqla bağlı önəmli fikirlər səsləndiriblər. Dövlət başçısı İlham Əliyev bildirib ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır. İmzalanmış Əməkdaşlıq haqqında Bəyannamə iki ölkə arasında münasibətlərin gözəl təməlidir. Bu, çox önəmli və sanballı bir sənəddir, bizim əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək. BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud əməkdaşlıq əlaqələri inkişaf edəcək. Hər iki ölkə bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyəti davam etdirəcək.
Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Azərbaycanın təşəbbüslərinə Konqo həmişə öz dəstəyini verib və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilib.
Qoşulmama Hərəkatına rəhbərliyimiz müddətində Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları yaradılmışdır. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır, 121 üzvü var. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması hamımızın marağındadır.
Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin prioritetləri arasında neokolonializmə qarşı mübarizə məsələləri durmuşdur, bu gün də bu belədir. Bizim xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır.
Azərbaycan Prezidentinin vurğuladığı kimi, Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur və bu qurumun nəticələri göz qabağındadır. Bir müddət bundan əvvəl Azərbaycanda Bakı Təşəbbüs Qrupu yaradılmışdır. Bu, beynəlxalq qurumdur. Bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir.
Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində. Bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var.
Strateji əməkdaşlıq üçün çox gözəl zəmin var. Rəsmi səfər ərəfəsində səfəri yaxşı hazırlamaq və yaxşı nəticələrə nail olmaq üçün qarşılıqlı surətdə Konqodan Azərbaycana, Azərbaycandan Konqoya nümayəndə heyətlərinin səfərləri də təşkil edilmişdir. O səfərlər də göstərdi ki, bizim strateji əməkdaşlığımız üçün çox gözəl zəmin var.