YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlaqələrdə tarixi anlar yaşanır

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Azərbaycanın daxili siyasətində qazandığı uğurlar siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Belə ki, Azərbaycan düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində beynəlxalq aləmdə sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsi, etibarlı tərəfdaş kimi tanınır və nüfuz qazanır. Ölkəmizin malik olduğu iqtisadi imkanlardan maksimum bəhrələnməsi yeni tərəfdaşlar qazanmasında öz sözünü deyir. Bir sözlə, ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində ölkələr, xalqlar arasında körpü rolu daha da möhkəmlənir.

Bu gün Azərbaycana hansı sahədən baxsaq davamlı inkişafın şahidi olarıq. Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə rəsmi səfəri çərçivəsində dövlət başçılarının keçirdikləri təkbətək, eyni zamanda, geniş tərkibdə görüşlərdə, mətbuata bəyanatlarında bu məqamlara xüsusi diqqət yönəldildi. Səfər Konqo Prezidentinin ölkəmizə ilk səfəri idi.  Bu səfərin qonaqda böyük məmnunluq hissi yaratdığı söylədiyi fikirlərdən, imzalanan sənədlərdən, münasibətlərimizin gələcəkdə yüksələn xətlə inkişafına inamın ifadə edilməsindən daha aydın  göründü. “Bu səfər tarixi səfərdir, sadəcə, ona görə yox ki, bu, ilk səfərdir. Hesab edirəm ki, məzmun, mahiyyət nöqteyi-nəzərindən də bu səfəri tarixi səfər adlandırmaq olar. Ölkələrimiz arasındakı əlaqələrdə yeni səhifə açılır. Biz öz siyasi iradəmizi ortaya qoymuşuq və əminəm ki, əldə edilmiş bütün razılaşmalara birgə səylərlə çatacağıq” söyləyən Prezident İlham Əliyevin fikirlərinin  davamı olaraq  Deni Sassu-Nqesso qeyd etdi ki, bizim tərəfimizdən ünvanlanan bütün sorğulara müsbət cavab verdiyinə görə Prezidentə təşəkkürümü ifadə edirəm. Biz beynəlxalq səviyyədə - istər BMT, istər Qoşulmama Hərəkatı çərçivəsində, istərsə də digər sahələrdə birlikdə mübarizə aparacağıq. Çünki söhbətimiz zamanı fikirlərimizin bir-biri ilə yüksək səviyyədə üst-üstə düşdüyünü gördük. Konqo Prezidenti onu da vurğuladı ki,  Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anlar yaşayırıq. Bu səfər bizə bu ölkənin gözəlliyini, onun iqtisadi inkişafını, Bakı şəhərinin gözəlliyini görmək imkanı verdi.

Səfər çərçivəsində imzalanan sənədlər əlaqələrimizin uğurlu inkişafından xəbər verdi. “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu” imzalandı. Əməkdaşlıq haqqında Bəyannamə əlaqələrin bütün sahələrdə uğurlu inkişafına stimul olacaq. Prezident İlham Əliyev bildirdi ki, bu, çox önəmli və sanballı bir sənəddir. Sənəd  əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək. bu əminlik də ifadə olundu ki,  Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaq: “Bu gün həm təkbətək görüş əsnasında, həm də ki, heyətlərin iştirakı ilə görüşdə bir çox önəmli məsələlər müzakirə olundu, fikir birliyi ifadə edildi. Bizim siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur və bu gün imzalanmış əməkdaşlıq haqqında Bəyannamə bunu bir daha təsdiq edir.”

Prezidentlər keçidikləri görüşlərdə iki ölkənin iqtisadi, siyasi, humanitar sahədə əlaqələrinin inkişafı üçün böyük potensialın olduğunu  bildirdilər. Azərbaycanın hazırkı dövrün çağırışlarına uyğun olaraq bərpaolunan enerji sahəsində malik olduğu imkanlar xüsusi önə çəkildi. Konqo Prezidenti Azərbaycanın bu sahədə təcrübəsindən yararlanmaq istəyini bildirdi. Diqqət ölkəmizin  bu ilin noyabrında ev sahibliyi edəcəyi COP29-a yönəldildi. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə töhfələrinin davamlılığının göstəricisidir. Bu, mötəbər tədbir bir daha ölkəmizin mövcud imkanlarının təqdimatı olacaq. Yeni əməkdaşlıq imkanlarının yaranacağı inkaredilməzdir. Dövlət başçısı İlham Əliyev Konqo Prezidentini COP29 tədbirində iştirak etmək üçün dəvət etdiyini və  nümayəndə heyətlərinin üzvlərinə   bu məsələ ilə bağlı da ciddi əməkdaşlığın yaradılması üçün göstəriş verildiyini bildirdi: “Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır və burada Konqo ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq etmək hesab edirəm ki, məqsədəmüvafiq ola bilər.”

Hər bir səfər münasibətlərin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Azərbaycan və Konqo Prezidentləri səfərin yekununu özündə ehtiva edən mətbuata birgə bəyanatlarında bir daha belə bir əminliyi ifadə etdilər ki, hər iki ölkə  bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında fəaliyyətlərini davam etdirəcəklər.