YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda 31 Mart və Bağanis-Ayrım soyqırımı qurbanlarının xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə və Bağanis-Ayrım soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Tarixi yaddaşımızdan heç vaxt silinməyəcək günlər” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Qazax Şəhidlər xiyabanı və Şəhidlər Abidə Kompleksi ziyarət olunub, Vətənin qəhrəman oğullarının xatirəsi anılıb.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, soyqırımı qurbanlarının, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova erməni millətçilərinin tarixin müxtəlif mərhələlərində mifik ideyalarını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə və soyqırımılar həyata keçirdiklərini deyiblər. Bildirilib ki, 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri tərəfindən 30 mindən çox azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub.

Çıxışlarda Qazaxın tarixinə ermənilər tərəfindən ilk işğal edilmiş və yandırılmış kənd kimi daxil olan Bağanis-Ayrım qətliamından da ətraflı danışılıb.

Bağanis-Ayrım kənd sakinləri, qətliamın canlı şahidləri Səməd Ocaqverdiyev, İlham Məhərrəmov çox yaxın günlərdə öz doğma yurd-yuvalarına qayıdacaqlarına əminliklərini bildiriblər.

Sonda ədəbi-bədii kompozisiya təqdim olunub.