Xəbərlər
Nə qədər böyük bəlalarla üzləşsək də sınmadıq, güc topladıq və məqsədimizə nail olduq
Ermənilər zaman-zaman havadarlarının dəstəyinə arxalanaraq azərbaycanlılara və türklərə qarşı soyqırımı, deportasiya siyasəti həyata keçiriblər. Amma erməni diasporu və lobbisinin fitnə-fəsadları sayəsində beynəlxalq aləmdə özləri barədə “yazıq, məzlum, əzilən və döyülən” millət imici formalaşdırmış, azərbaycanlıları isə “vəhşi millət” kimi təqdim etmişdilər. Təbii ki, saxta tarix yazıb yalanlarını dünyaya həqiqət kimi sırımağa çalışmaq, özlərinin vəhşiliklərini bu epitetlərlə ört-basdır etmək sonsuzluğa qədər davam edə bilməzdi. Çünki tarix heç nəyi silmir, faktlara əsaslanır. Elə götürək 1918-ci ilin mart qırğınını. Bu dəhşətli soyqırım aktının törədilməsindən 106 il keçsə də yeni araşdırmalar bu qətliam barədə daha dolğun məlumatlar ortaya qoyur. 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmış, onlara qəsdən fiziki qüsurlar yetirilmişdir. Bunlarla kifayətlənməyən daşnak-bolşevik qüvvələri yaşayış məntəqələrini, mədəniyyət abidələrini, məscid və qəbiristanlıqları yerlə-yeksan etmişlər. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Fərmana əsasən, martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Bu sənədin imzalanması məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Onu da qeyd edək ki, Şamaxıda baş vermiş hadisələrlə əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi Sovet dövründə bu ağır cinayəti ört-basdır etmək üçün məhv olunduğuna görə erməni cinayətlərinin tam mənzərəsi bu günə qədər əks etdirilməyib. Ekspertlərin rəyinə əsasən, Şamaxıda ermənilər tərəfindən 7 min nəfərin öldürüldüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kənddən 86-nın erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Bütün bunlar tarixi faktlardır.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Həmçinin 2018-ci il dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xaq Cümhuriyyəti ili” elan edilmişdir.
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, ermənilər tarixi saxtalaşdırıb özlərinə qondarma tarix yazmaqla dünyanı yalanlarına inandırmağa az da olsa müvəffəq olsalar da 44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı oldu. Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərində informasiya mübarizəsində qələbəsi əhəmiyyətli rol oynadı. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycan dünya güclərindən ikili standartlara əsaslanan siyasətlərinə son qoyub, baş verən hadisələrə obyektiv qiymət verməyə çağırış etdi. Lakin bəzi dünya güclərinin Ermənistana zaman-zaman dəstəkləri, ədalətə və beynəlxalq hüquqa öz maraqları baxımından yanaşmaları Ermənistanın daha böyük iddialarla yaşamasına gətirib çıxardı. Əgər zamanında Ermənistana beynəlxalq hüquqa sığmayan bu vəhşiliklərinə görə təzyiqlər göstərilsəydi 1988-ci ildə ermənilərin torpaq iddiaları yenidən baş qaldırmazdı.
Vüqar Rəhimzadə qeyd edib ki, Qaradağlı, Xocalı, Ağdaban, Ballıqaya, Başlıbel və sair kimi faciələrimiz erməni vəhşiliklərinin heç bir sərhəd tanımadığını bir daha bütün dünyaya göstərdi. XX əsrin ən dəhşətli faciəsi olan Xocalı qətliamı Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımları kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla bir sırada durur. Günahsız insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürüldülər, işgəncələrə məruz qaldılar. Bu gün böyük qürur hissi ilə işğaldan azad edilmiş torpaqlarımızda, o cümlədən Xankəndidə, Xocalıda Azərbaycan Bayrağının ucaldılmasından, Qarabağın və Şərqi Zəngəzurun cənnət məkana çevrilməsindən bəhs edirik. Dövlət başçısı İlham Əliyev bu ilin 26 fevral tarixində Xocalı şəhərində Xocalı soyqırımı memorial kompleksinin təməlini qoyduqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirdi ki, bu diyarın, bu bölgənin artıq yeni, parlaq tarixi var, o da 20 sentyabr - Xocalının, Xankəndinin azad olunması günüdür. 26 fevral dəhşətli, faciəvi bir gün kimi heç vaxt bizim yaddaşımızdan silinməyəcək. Amma 20 sentyabr artıq bu bölgənin əsas azadlıq və bayram günüdür. Prezident İlham Əliyev həmin görüşündə bu məqamı da xüsusi qeyd etdi ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. 18 ölkə səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanısa da bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır.
Məhz belə yanaşmalar Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasına səbəb oldu. Azərbaycan dünya güclərindən ədalət gözləsə də sonda bu ədaləti özü bərpa etməli oldu. 27 il kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən Azərbaycan bütün dünyaya sübut etdi ki, ədalət və beynəlxalq hüquq mövcuddur, sadəcə, onların tətbiqi üçün vahid mexanizm müəyyənləşdirilməlidir.
YAP Xətai rayon təşkilatının sədri informasiya mübarizəsinin bütün dövrlər üçün aktuallığını bir daha önə çəkərək bildirib ki, dövlətimiz həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması üçün müasir texnologiyaların yaratdığı imkanlardan maksimum istifadə etməyə çalışır. Məqsəd çoxəsrlik tariximizin hər bir səhifəsinin təhlili və əsaslı şəkildə indiki və gələcək nəsillərə çatdırılmasıdır. Çünki tarixi bilmədən gələcəyə doğru inamlı addımlar atmaq mümkünsüzdür. Ümummilli Lider Heydər Əliyev vaxtilə belə bir çağırışı etmişdi: “Azərbaycanı təkcə müstəqil, zəngin təbii sərvətlərə malik dövlət kimi yox, zəngin tarixi, mədəniyyəti olan ölkə kimi tanıtmalıyıq.” Bəli, tariximiz bizim böyük sərvətimizdir. Tarixi Zəfərimizdən sonra Qərbi Azərbaycana qayıdış günümüzün əsas çağırışına çevrilib. Artıq Qərbi Azərbaycana Qayıdış Konsepsiyası uğurla icra edilir. Dövlət başçısı İlham Əliyev iki il öncə əslən Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirdi ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir. Biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Çünki tarix var, sənədlər var, xəritələr var.
Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, əyilmədi, inamını itirmədi, güc topladı və nəticədə məqsədinə nail oldu. Bu gün qalib xalqımızın bir təsəllisi vardır ki, torpaqlarımız işğaldan azad edilib, şəhidlərimizin, soyqırımı qurbanlarının qisası alınıb. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona dünya miqyasında hüquqi-siyasi qiymət verilməsinə nail olmaq nə qədər çətin olsa da, bu müqəddəs işi bu gün də, gələcəkdə də davam etdirməliyik.