Xəbərlər
Biz unutmuruq, tarix də unutmasın...
Səbinə Xasayeva
Milli Məclisin deputatı
Ötən əsrin əvvəllərində ermənilər Azərbaycanda kütləvi qırğınlar törədirdi. Bu qırğınlar soyqırım kimi həyata keçirilirdi. 1905-ci ildə törədilənlər mahiyyət baxımından 1917, 1918-ci illərdə də törədildi. 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri xüsusi qəddarlıqla kütləvi qırğınlar törətdilər, Bakıda, Bakı quberniyasına daxil olan şəhər və qəzalarda on minlərlə azərbaycanlını qətlə yetirdilər, yaşayış məntəqələrini dağıtdılar, mədəniyyət abidələrini, məscidləri, qəbiristanlıqları dağıtdılar. 1918-ci ilin martın 30-dan aprelin 3-nə kimi Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirdi. Bu qüvvələr Şamaxı qəzasında 86 kəndi dağıtdı, əhalisini kütləvi şəkildə qəddarlıqla öldürdü. Quba qırğınları zamanı 122 kənd tamamilə dağıdıldı. 3000-ə yaxın ev yandırıldı. Ermənilər əhalini qırmaq üçün təkcə odlu silahlardan istifadə etmirdi, həm də küt alətlərldən də istifadə edirdi.
1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə mart ayının 31-i Azərbaycanlıların Soyqırım Günü elan edildi.
2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar qazıntı işləri aparılanda kütləvi məzarlıq aşkarlandı. Bu, ermənilərin o vaxtlar törətdiyi soyqırımın təsdiqi idi. Məzarlıqda 50-dən çoxu uşaq, 100-dən çoxu qadın olmaqla 500-dək insan kəlləsi aşkarlandı. Soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və tarixi gerçəkliyi müdafiə etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Memorial kompleksin açılışında dedi: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.”.
Ermənilərin Birinci Qarabağ müharibəsində Qazağın Bağanis Ayrım kəndində, Kəlbəcərin “Tunel” adlanan ərazisində, Başlıbel, Ağdabanda, Xocalının Meşəli, Xocavəndin Qaradağlı kəndlərində, Xocalıda, ... belə faciələr, soyqırımları törətdilər.
Erməni-bolşevik silahlı dəstələrinin, ümumən ermənilərin ötən əsrdə də, bu əsrdə də azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzaladı. Bu sərəncam soyqırımın 100 illiyinin, həm də 100 illikdən sonrakı illərin tarix kimi xatırlanmasını təmin etdi...
31 mart Azərbycanlıların Soyqırım günü bütün dövrlərdə ermənilərin törətdiyi vəhşiliklərin qurbanlarının xatırəsinin anım günüdür. Biz unutmuruq, tarix də unutmasın...