YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşılıqlı etimadın tarixi təzahürü

Səbinə Xasayeva

Milli Məclisin deputatı

Son on səkkiz ayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana dörd dəfə səfər edib, Qazaxıstan Prezidenti üç dəfə ölkəmizdə rəsmi səfərdə olub. Bu, qarşılıqlı etima­dın tarixi təzahürüdür.

Azərbaycan İkinci Qarabağ müharibəsində işğalçı Ermənistanı məğlub etdi, ərazi bütöv­lü­yü tam bərpa olundu. Bu tarixi Zəfər onun siyasi nüfuzunu yüksəltdi, dünyanın əksər dövləti Azər­baycanın dövlətçiliyini dəstəklədi. Qazaxıstan da bu dövlətlərdən biri oldu. Həm dəstəklədi, həm də quruculuq işlərinin iştirakçısı oldu. Azərbaycan Respulikasının Prezidenti cənab İlham Əliyev martın 11-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfərində dedi: “İşğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yara­dı­cılıq Mərkəzinin inşası bilavasitə Qazaxıstanın Prezidenti Kasım-Jomart Keme­le­viçin təşəbbü­südür. 12 mart tarixində keçmiş məcburi köçkün uşaqların təhsil alacağı,  dostlu­ğumuzun və qar­daş­lı­ğımızın mərkəzi olacaq mərkəzin açılış mərasimi təşkil olunacaqdır. Bu, Qazaxıstanın Azər­baycana qardaş köməyidir, bu, Qazaxıstanın Azərbay­cana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir”.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfərində deyildi ki, “Qazaxıstan TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir, çünki qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil”.

Mərasim çərçivəsində “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının 1-ci iclasının Qərarı”; “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə “Damu” Sahibkarlığın İnkişafı Fondu” Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyəti arasında Qazaxıstan neftinin Azərbaycan Respublikası ərazisindən tranzit edilən həcmlərinin mərhələli artırılması haqqında Saziş” və s. kimi sənədlər imzalandı.

Bu rəsmi görüş bir daha təsdiqlədi ki, ölkələrimiz arasında geniş hüquq-müqavilə bazası for­malaşıb. İndiyədək Azərbaycanla Qazaxıstan arasında 150-yə yaxın sənəd imzalanıb. Bu normativ hüquqi baza tədricən daha da genişlənir və təkcə 1 il 6 ay ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb. Bu sənədlər arasında “Azərbaycan Respublikası və Qazaxıstan Res­publikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” (2004-cü il 1 mart, Astana), “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” (2005-ci il 24 may, Bakı), “Azərbay­can Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” (2022-ci il 24 avqust, Bakı) xüsusi vurğulanmalıdır...

Azərbaycan ictimaiyyəti böyük yazıçı,böyük diplomat, böyük türkçü Oljas Süleymenovun Azərbaycana sevgisini əbədiyyən unutmayacaq. 1990-cı il 20 yanvar faciəsində böyük yazıçı, böyük türk Bakıdaydı, o ağrıları Azərbaycanda azərbaycanlılarla nəfəs-nəfəsə yaşamışdı. Bu səfər ruhun eyni kökdən rişələndiyinin təsdiqidir, xalqları qardaşlaşdıran ruh eyni ruhdur