YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın yaddaşından silinməyən hadisə

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Prezident İlham Əliyev fevralın 26-sı Xocalı soyqırımının 32-ci ildönümündə Xocalı şəhərinə səfər etdi və Xocalı Soyqırımı Memorial Kompleksinin təməlini qoydu. Xocalı rayonunun ictimaiyyətilə görüşən ölkə başçımız artıq Xocalı qurbanlarının qisasının alındığı, ədaləti Azərbaycan dövlətinin özünün bərpa etdiyi, lakin hələ də böyük dövlətlərin bu soyqırıma biganə münasibət göstərməsi barədə fikirlər söylədi və Ermənistan və onun havadarlarına da mesaj ünvanladı.

Dünya tarixinin ən dəhşətli cinayətindən - Xocalı soyqırımından 32 il ötür. 1992-ci ilin fevralın 26-da erməni cəlladları qadınları, qocaları, körpə uşaqları belə amansızlıqla gətlə yetirdilər. Xocalı soyqırımını ölkə mətbuatı ilə yanaşı dünyanın bir çox KİV-ləri bütün dünyaya çatdırdı. Təəssüflər olsun ki, dünya ictimaiyyəti erməni vəhşiliyinin qarşısında susdu. Bu ikili standartların mövcudluğunun, dəhşətli cinayətin ört-basdır edilməsinin bariz nümunəsi idi. Xocalı soyqırımının dünyaya çatdırılmasında Heydər Əliyev Fondu və Fondun vitse-prezidenti Leyla Əliyevanın böyük xidmətləri olmuşdur. Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə yaradılmış "Xocalıya ədalət" kampaniyası Xocalı soyqırımının tanıdılması üçün dünya dövlətlərində böyük aksiyalar keçirtdi. Dünya ictimaiyyəti Xocalıda baş verənlərlə geniş məlumatlandırıldı. Bundan sonra bir sıra dövlətlər Xocalı soyqırımının rəsmən soyqırım aktı olması barədə bəyanat qəbul etdi. Ölkə başçımızın da qeyd etdiyi kimi dünyanın böyük dövlətləri və Ermənistana havadarlıq edən ölkələr bu qanlı cinayətin soyqırım olması barədə qərar çıxarmayıblar. 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusu Ermənistan ordusunu darmadağın edərək torpaqlarımızın böyük bir hissəsini işğaldan azad etdi. 2023-cü ildə isə Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri nəticəsində Xankəndi, Xocalı da daxil olmaqla bütün torpaqlarımız separatçılardan təmizləndi. 2023-cü ilin oktyabr ayının 15-də Prezident İlham Əliyev Xocalıda və Xankəndində Azərbaycan bayrağını dalğalandırdı və bu tarixi gələbəmizin təntənəsi, Xocalı qurbanlarının qisasının alındığı tarixi gün oldu. Artıq Xocalı yenidən qurulur. Növbəti ayda 50 Xocalı ailəsi öz doğma evlərinə dönəcəklər, lakin illər, əsrlər keçsə də Xocalı hadisələri nə xocalıların nə də Azərbaycan xalqının yaddaşından silinməyəcək.