Xəbərlər
Dağ-mədən və metallurgiya sənayesində yeni strateji hədəflər
Mübariz Qurbanlı
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı
Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında regionların tərəqqisi və qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi hər zaman prioritet fəaliyyət xətti kimi diqqət mərkəzində dayanır. Dövlətimizin başçısının rəhbərliyi ilə 2004-cü ildən etibarən ardıcıl şəkildə icra olunan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları bölgələrdə iqtisadi aktivliyin artırılmasına, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına və əhalinin rifahının yüksəldilməsinə güclü təkan verib. Bu uğurlu siyasətin mühüm tərkib hissəsi kimi son dövrdə dağ-mədən və metallurgiya sənayesinin dirçəldilməsi, bu sahəyə dövlət dəstəyinin artırılması və innovativ texnologiyaların tətbiqi istiqamətində keyfiyyətcə yeni mərhələyə qədəm qoyulub.
Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı”na həsr olunmuş müşavirənin keçirilməsi məhz bu sektorun strateji hədəflərini müəyyən edən və ölkənin sənayeləşmə kursunu daha da möhkəmləndirən mühüm hadisə kimi böyük əhəmiyyət kəsb edir. Müşavirədə vurğulandığı kimi Dövlət Proqramı mövcud resursların respublikamızın ümumi iqtisadi dövriyyəsinə tam inteqrasiya edilməsini hədəfləyir. Yeni proqram bir tərəfdən ölkənin sənaye potensialını artırır, digər tərəfdən isə regionların sosial-iqtisadi inkişaf gündəliyini uğurla tamamlayır.
Yaxın illərdə icrası nəzərdə tutulan kompleks fəaliyyət mexanizmlərinə əsasən, ilk növbədə işğaldan azad edilmiş ərazilərdə yerləşən strateji yataqların sürətlə istismara verilməsi planlaşdırılır. Əsasən Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarındakı qızıl, mis və molibden yataqlarının iqtisadi dövriyyəyə cəlb edilməsi qarşıda duran prioritet vəzifələrdəndir. Regionda dağ-mədən sənayesinin inkişafını hədəfləyən Qərb Sənaye Parkının yaradılması da xammal ehtiyatlarının yerində emal edilməsinə və zəncirvari dəyər zəncirinin qurulmasına xidmət edir.
Yeni Dövlət Proqramının əsas hədəflərindən biri də Azərbaycanın minerallar üzrə regional emal mərkəzinə çevrilməsi imkanlarını reallaşdırmaqdır. Azərbaycan Mərkəzi Asiya-Avropa dəhlizinin kəsişməsində yerləşməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu kimi logistik infrastruktura, Ələt Azad İqtisadi Zonasına və rəqabətqabiliyyətli enerji qiymətlərinə malik olması sayəsində əlverişli mövqeyə sahibdir. Mərkəzi Asiya və Cənubi Qafqazın xammal resurslarına çıxış imkanı Azərbaycanın regional emal mərkəzi kimi rolunu daha da möhkəmləndirəcək. Bununla yanaşı, sənayeləşmə və hasilat həcmlərinin artırılması fonunda ekoloji standartların gözlənilməsi və təbiətin qorunması məsələsi də dövlətimizin başçısı tərəfindən xüsusi tələb kimi qoyulub. Müşavirədə xüsusi olaraq vurğulandı ki, azad olunmuş torpaqlarımızda yeni sənaye istehsalı ekoloji bərpa prosesləri ilə paralel aparılmalı, ətraf mühitə əlavə yük yaratmamalıdır.
Nəticə etibarilə, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafında yeni strateji mərhələnin əsas istiqamətlərini müəyyənləşdirib. Qarşıya qoyulan hədəf yalnız mövcud yataqların istismarı ilə məhdudlaşmır. Başlıca məqsəd xammal ehtiyatlarını yüksək əlavə dəyər yaradan məhsula çevirmək, müasir emal və istehsal zəncirləri formalaşdırmaq, regionlarda sənaye potensialını gücləndirmək və Azərbaycanın regional sənaye mərkəzi kimi mövqeyini daha da möhkəmləndirməkdir. Bu siyasət qeyri-neft iqtisadiyyatının şaxələndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və regionların davamlı inkişafına mühüm töhfə verəcək.
