Xəbərlər
Nizami rayonunda sosial aksiya keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar sosial aksiya keçirib.
Aksiya iştirakçıları Nizami rayonu ərazisində yaşayan bir qrup Xocalı soyqırımı şahidlərini və şəhid ailələrini ziyarət ediblər. Partiya fəalları onların qayğıları ilə maraqlanıblar.
Qeyd olunub ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyiblər. Lakin bu ağır faciə xalqımızı daha da mətinləşdirdi, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı. 44 günlük müharibəsində misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını alıb, şəhidlərimizin qanı yerdə qalmayıb.
Vurğulanıb ki, Xocalı sakinlərinin, eləcə də şəhid ailələrinin, qazilərin problemlərinin, sosial-məişət məsələlərinin həlli daim dövlətimizin diqqəti mərkəzindədir.
Xocalı soyqırımı şahidləri və şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.