Xəbərlər
Gəncliyin seçimi qalib Lider İlham Əliyevdir
Naxçıvan şəhərində gənclərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Naxçıvan şəhərində gənclərlə, o cümlədən idmançılarla görüş keçirilib.
Görüşdə YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, təşviqat qrupunun üzvləri Arzu Qasımov, Arzu Abdullayev və Toğrul Bəylərov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan onun layiqli varisi cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Cəmiyyətimizin bütün təbəqələri kimi gənclər və idmançılar da dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub. Elə bu dövlət siyasətinin nəticəsidir ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində bütün xalqımız dəmir yumruq kimi birləşdi, vətənpərvər ölkə gəncliyi Ali Baş Komandan İlham Əliyevin əmri ilə qısa müddətdə torpaqlarımız azad etdi, bütün ərazilərimiz üzərində suverenliyimiz bərqərar olundu.
Görüşdə çıxış edən gənclər onların namizədinin yenilməz Lider İlham Əliyev olduğunu, fevralın 7-də hamılıqla YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.